Tramp: Kaliforniya qubernatoru vəziyyətə nəzarəti itirib


  • 12 İyun 19:38

ABŞ Kaliforniya ştatının qubernatoru Qevin Nyusom Los-Ancelesdə baş verən kütləvi iğtişaşlar fonunda vəziyyətə nəzarəti itirib.

E-huquq.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində paylaşım edib.

“Qubernator Qevin Nyusom vəziyyət üzərində tamamilə nəzarəti itirib. O, bizi günahlandırmaq əvəzinə, onu xilas etdiyimiz üçün minnətdarlıq etməlidir. Öz səhvlərini və səriştəsizliyini ört-basdır etməyə çalışmamalıdır”, – Tramp qeyd edib.

ABŞ Prezidenti Milli Qvardiya və dəniz piyadalarına polisə göstərdikləri dəstəyə görə təşəkkürünü bildirib. O vurğulayıb ki, onların müdaxiləsi olmasaydı, Los-Anceles son illərdə görünməmiş cinayətkarlıq dalğası ilə üzləşə bilərdi.

Qeyd edək ki, iyunun 6-da Los-Ancelesdə qeyri-qanuni miqrantların kütləvi saxlanılmasına başlanılıb. Miqrasiya qanunvericiliyini pozmaqda ittiham edilən azı 44 nəfər həbs olunub. Hüquq-mühafizə orqanlarının bu addımı şəhərdə etiraz aksiyalarına və daha sonra iğtişaşlara səbəb olub.

Baş verənlərə cavab olaraq Tramp Kaliforniya qubernatorunu nəzərə almadan, iğtişaşların qarşısını almaq məqsədilə Los-Ancelesə Milli Qvardiyanın hərbçilərinin göndərilməsi barədə göstəriş verib.

Bu qərara etiraz edən Qevin Nyusom ABŞ Prezidenti Donald Tramp və müdafiə naziri vəzifəsini icra edən Pit Heqsetə qarşı məhkəmə iddiası qaldırıb. O, Milli Qvardiyanın göndərilməsi ilə bağlı qərarın qanunsuz elan olunmasını tələb edir.

Oxşar xəbərlər