Avstraliyalı alimlər düşüncələri oxuyan süni intellekt hazırlayıblar


  • 13:58

Avstraliyalı alimlər geyilə bilən baş geyimi vasitəsilə beyin dalğalarından keçən fikirləri müəyyən edən və onları mətnə ​​çevirən süni intellekt modeli hazırlayıblar.

E-huquq.az "ABC News"a istinadən xəbər verir ki, Sidney Universitetinin tədqiqatçıları dərin öyrənmə üsullarından istifadə edərək beyindəki elektrik hərəkətlərini ölçən geyilə bilən baş geyimi formalı elektroensefaloqramma cihazı üzərində işləyiblər.

Daha asan işləyə bilməsi üçün modeli məhdud sayda sözlə öyrətdiklərini deyən tədqiqatçılar, süni intellekt vasitəsilə qeyd etdikləri beyin siqnallarını əvvəlcə sözlərə, sonra isə mənalı cümlələrə çeviriblər.

Tədqiqatçılar, modelin fikirləri mətnə çevirməkdə indiyə qədər təxminən 75 faiz dəqiqlik göstərdiyini, lakin bu göstəricini 90 faizə yüksəltməyi hədəflədiklərini bildiriblər.

Tədqiqatçılar bu araşdırmanın tibb sahəsində yeni imkanlar aça biləcəyini vurğulayaraq, süni intellekt modelinin zəif informasiya qəbul qabiliyyəti olan xəstələrə yardımçı ola biləcəyini və insanların kompüterlərlə ünsiyyətinə yeni baxış gətirə biləcəyini qeyd ediblər.

Onlar, həmçinin inkişaf etdirdikləri bu süni intellekt modelindən iki insan arasında ünsiyyəti dəstəkləmək məqsədilə istifadə etməyi planlaşdırdıqlarını bildiriblər.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər