- 15:49
Türkiyənin Bolu vilayətində meşə yanğınlarının qarşısını almaq məqsədilə 1 iyul-30 sentyabr tarixləri arasında meşəlik ərazilərə giriş qadağan edilib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Bolu Valiliyindən rəsmi açıqlama verilib.
Açıqlamada bildirilib ki, meşə və təbiət parklarında saat 10:00-dan 20:00-a qədər od yandırılmaması şərti ilə ocaq, manqal, piknik qazı və samovar kimi vasitələrdən istifadə edərək piknik etmək mümkün olacaq.
Abant Milli Parkında isə yalnız piknik qazından istifadə ediləcəyinə icazə veriləcək. Göstərilən saatlar və yerlərdən kənarda isə meşə ərazilərində manqal, samovar kimi vasitələrdən istifadə qadağandır.
Qeyd olunub ki, meşələrə yaxın ərazilərdə fişəng, dilək şarı və digər alışan vasitələrin istifadəsi də qadağa daxil edilib.
Valilik bütün vətəndaşları qəbul edilən tədbirlərə əməl etməyə çağıraraq meşə yanğınlarının qarşısının alınmasında hər kəsin məsuliyyət daşıdığını vurğulayıb.
Şəbnəm Mehdizadə