- 14:57
İtaliyada gələn tədris ilindən başlayaraq orta məktəb şagirdlərinə dərs zamanı mobil telefondan istifadə qadağan edilib.
E-huquq.az xəbər verir ki, İtaliyanın ANSA agentliyinin xəbərinə görə, təhsil naziri Cüzeppe Valditaranın imzaladığı sirkulyarda (qaydaların icrasına rəhbərlik etmək üçün aidiyyəti qurumlara göndərilən məktub) əvvəllər yalnız ibtidai sinif şagirdlərinə şamil edilən qadağa gələn ildən başlayaraq yuxarı sinif şagirdlərini də əhatə edəcək.
"Smartfonların həddindən artıq və ya yanlış istifadəsinin yeniyetmələrin sağlamlığına, rifahına və məktəb performansına mənfi təsirləri nəzərə alınmaqla, bu müdaxilə artıq təxirə salına bilməz", - deyə Cüzeppe Valditara bildirib.
Mobil telefonlardan yalnız müstəsna hallarda - əlilliyi olan, xüsusi öyrənmə çətinliyi yaşayan və ya əsaslandırılmış şəxsi ehtiyacları olan şagirdlər üçün dəstək vasitəsi kimi və müvafiq icazə əsasında istifadə oluna bilər.
Eyni zamanda, məktəblərdə mobil telefonlardan istifadə yalnız məktəbin tədris proqramı çərçivəsində, informatika və telekommunikasiya sahələrini əhatə edən texniki təhsil proqramlarında zərurət yarandığı hallarda mümkün olacaq.
İtaliya təhsil naziri Cüzeppe Valditara 2024-cü ilin iyul ayında, 2024-2025-ci tədris ilindən etibarən mobil telefonların istifadəni qadağan edən sirkulyar sənəd dərc edib.
Şəbnəm Mehdizadə