Alzheimer riskini artıran genetik variant tapıldı


  • 09:31

Alimlər yaşlı kişilərdə demans riskini əhəmiyyətli dərəcədə artıran ümumi bir genetik variant müəyyən ediblər.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, araşdırma çərçivəsində ABŞ və Avstraliyada aparılan tədqiqatların nəticələrindən istifadə olunub. Bu tədqiqatlarda ürək-damar xəstəlikləri, demans və ya idrak qabiliyyətində zəifləmə olmayan yaşlı insanlar uzun müddət müşahidə olunub.

Tədqiqatçılar Avropa mənşəli, yaşı 70-dən yuxarı olan 12 mindən çox avstraliyalı üzərində araşdırma apararaq HFE genindəki variantlara diqqət yetiriblər. Qeyd olunan gen bədəndə dəmir səviyyəsinin tənzimlənməsində əsas rol oynayır.

Xüsusilə, H63D adlı variantın iki nüsxəsinə sahib olan kişilərdə demans inkişafı riskinin 2,39 dəfə yüksək olduğu müəyyən olunub. Maraqlıdır ki, bu artan risk yalnız kişilərdə müşahidə edilib, qadınlarda isə oxşar əlaqə qeydə alınmayıb.

Alimlərin sözlərinə görə, bu genetik variant bədəndə artıq dəmir yığılmasına səbəb olan hemoxromatoz adlı vəziyyətlə əlaqələndirilir. Hemoxromatoz qaraciyər sirrozu, qaraciyər xərçəngi, dayaq-hərəkət sistemi pozğunluqları və demans da daxil olmaqla bir sıra xəstəliklərlə bağlı ola bilər.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər