Şüşə butulkalarda satılan qazlı içkilər hansı təhlükənin mənbəyidir? - ARAŞDIRMA


  • 16:26

Şüşə butulkalarda satılan qazlı içkilərin və ya çayın plastik və ya metal qutulardakılardan daha çox mikroplastik ehtiva etdiyi məlum olub.

E-huquq.az xəbər verir ki, bu barədə məlumat Fransa Qida Təhlükəsizliyi Agentliyi (ANSES) tərəfindən nəşr olunan yeni araşdırmada yer alır.

“Journal of Food Composition and Analysis” jurnalında dərc edilən araşdırmaya görə, şüşə butulkalarda satılan içkilərin hər litrində orta hesabla 100 mikroplastik hissəcik aşkar edilib. Bu miqdar plastik butulkalar və bankalardakından 5-50 dəfə çoxdur.

Alimlər şüşə butulkaların insanların düşündükləri qədər “təmiz” olmadığını, bu şüşələrin qapaqlarındakı boya və plastik birləşmələrin birbaşa içkini mikroplastiklərlə çirkləndirə biləcəyini ehtimal edir.

Araşdırmaya görə, mikroplastiklərin əsl mənbəyi şüşə butulkanın özü deyil, onun qapağıdır. Şüşə butulkaların qapaqlarında olan boya və plastik tərkibinin içkilərlə təmasda olduqda parçalanaraq maye ilə qarışdığı müəyyən edilib. Bu vəziyyət xüsusilə saxlama və daşınma zamanı sürtünmə nəticəsində yaranır. Alimlərin fikrincə, istifadə etməzdən əvvəl qapaqlar təmizlənərsə, mikroplastik çirklənmə üçdə birinə qədər azala bilər. Bu tapıntılar şüşə qablaşdırmanın tamamilə təhlükəsiz olduğuna dair geniş yayılmış inamı şübhə altına almaqla yanaşı, istehsalçıların üzərinə yeni bir məsuliyyət də qoyur.

Qeyd edək ki, mikroplastiklər insan saçının qalınlığından daha kiçik hissəciklərdən ibarətdir. Təbiətdə plastik tullantıların parçalanması nəticəsində əmələ gələn bu hissəciklər nəfəs aldığımız hava və yediyimiz qidalarla bədənimizə daxil ola bilir. Mütəxəssislər xəbərdarlıq edir ki, bu hissəciklər insult, hormon pozğunluqları və bəzi xərçəng xəstəliklərinə səbəb ola bilər.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər