Kəbənin örtüyü yeniləndi: 180 kq gümüş və qızıl istifadə olunub


  • 16:57

Səudiyyə Ərəbistanı Hicri təqviminin 1447-ci ilinin başlaması ilə Kəbənin örtüyünü yeniləyib.

E-huquq.az xəbər verir ki, bu barədə Məscidül-Həram və Peyğəmbər Məscidinin İşləri üzrə Baş İdarə açıqlama yayıb.

Dünən axşam saatlarında 154 nəfərlik ekspert qrupu tərəfindən Kəbənin örtüyünün dəyişdirildiyi bildirilib.

Yeni 47 hissəli və 1415 kiloqramlıq örtüyün dəyişdirmə prosesinin saatlarla davam etdiyi bildirilib. Kəbənin örtüyünün hazırlanmasında təxminən 825 kiloqram xalis ipək və 180 kiloqram gümüş və qızıl istifadə olunub.

Yenisi ilə əvəz edilən köhnə örtük zəmzəm suyu ilə yuyularaq muzeylərdə nümayiş olunmaq üçün İslam ölkələrinə göndərilir.

Gümüş və qızıldan hazırlanmış Kəbə kəmərində Quran ayələri var.

Kəbə örtüyü Məkkədə Kral Əbdüləziz Kisva Kompleksində istehsal olunur. Kompleksdə 200-ə yaxın usta və inzibati heyət çalışır. Burada həmçinin uzunluğu 16 metr olan dünyanın ən böyük kompüterlə işləyən tikiş maşını yerləşir.

Səudiyyə Ərəbistanı hər il Zilhiccə ayının 9-u, Ərəfə günü Kəbənin örtüyünü dəyişdirirdi, lakin bu ənənə 2022-ci ildə dəyişdirildi və örtüyü yeniləmə prosesi Məhərrəm ayının ilk gününə salındı.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər