- 20:02
ABŞ-də 3000-dən çox avtomobili daşıyan yük gəmisi yanğından sonra batıb.
E-huquq.az xarici KİV-ə istinadən məlumatına görə, "New York Times" qəzeti ABŞ Sahil Mühafizəsinin bəyanatına istinadən yazıb ki, iyunun 3-də "Morning Midas" yük gəmisində yanğın baş verib. Çin-Meksika səfərində olan Liberiya bayraqlı gəmidə baş verən yanğından sonra ilk yardım çağırışı edilib.
Yanğınsöndürmə və xilasetmə qrupları yanğından 1 həftə sonra yük gəmisinə çata bilib. Xilasetmə əməliyyatları zamanı 22 nəfərlik ekipaj təxliyə edilib. Gəmidə baş verən yanğını söndürmək mümkün olmayıb.
Gəmi bu həftənin əvvəlində Alyaskanın Adak şəhərindən təxminən 720 kilometr cənub-qərbdə batıb. 182 metr uzunluğundakı gəmi 3048 avtomobillə təxminən 5000 metr dərinliyə batıb.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Bildirilir ki, hadisə Şimali Sakit okean regionunda dəniz naviqasiyası təhlükəsizliyini poza bilər və gəmidəki 1800 tondan çox yanacağın sızma potensialı var.
ABŞ Sahil Mühafizəsinin Qərbi Alyaska və Arktika Bölgəsi komandiri Kristofer Kulpepper verdiyi açıqlamada, "Mümkün çirklənmə əlamətlərinə cavab vermək üçün "Zodiac Maritime" ilə yaxından işləyirik", - deyə bildirib.
Yanğının gəminin yükündəki elektrik avtomobillərinin səbəb ola biləcəyi iddia edilir.
Şəbnəm Mehdizadə