- 18:10
Alimlər birdəfəlik elektron siqaretlərin tərkibində adi siqaretlərə nisbətən daha çox zərərli kimyəvi maddələRin olduğunu müəyyən edib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Kaliforniya Universitetində aparılan yeni bir araşdırma, bəzi birdəfəlik elektron siqaretlərdə aşkar edilən zəhərli metalların səviyyəsinin ənənəvi siqaretlərdən yüksək olduğunu müəyyən edib. Bəzi markaların 20 paket siqaret çəkdiyi qədər qurğuşun buraxdığı aşkar edilib.
ACS Central Science jurnalında dərc edilən araşdırmada gənclər arasında məşhur olan ELF Bar, Esco Bar və Flum Pebble brendlərinin cihazları araşdırılıb. Tədqiqatçılar metalın mənbəyini müəyyən etmək üçün onları sökərək cihazlardan çıxan buxarı təhlil ediblər. Nəticələr olduqca narahatedici olub. Əksər cihazlarda yüksək səviyyədə nikel və xrom aşkar edilib. Bu metalların inhalyasiya edilə bilən formaları xərçəngdən ürək və ağciyər xəstəliklərinə qədər ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. Xüsusilə, “Esco Bar” brendinə məxsus iki cihazında qurğuşun miqdarının iyirmi qutu siqaret çəkməyə bərabər olduğu bildirilib. Araşdırmalara görə, bu təhlükəli metallar həm cihazın komponentlərindən, həm də içindəki nikotin mayesindən əmələ gəlir. Birdəfəlik elektron siqaretlərin istehsalında istifadə olunan materiallar və maye zərərli metalları buxara aparır.
Tədqiqatçılar vurğulayıb ki, yalnız üç məşhur brenddə belə yüksək miqdarda zəhərli maddələrin olması bazarda tənzimlənməyən yüzlərlə markanın potensial riskini ortaya qoyur. Tədqiqatın aparıcı müəlliflərindən biri, professor Brett Poulin bu cihazların görünməz risk yaratdığını deyib:
“Onların tərkibində sinir sistemi üçün yüksək miqdarda zəhərli qurğuşun, kanserogen nikel var. Nəzarətləri təcili olaraq artırmaq lazımdır" – deyə alim qeyd edib.