- 17:48
Danimarkada qadınlar məcburi hərbi xidmətə cəlb olunacaq.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Danimarka parlamentinin iyunun 11-də qəbul etdiyi qanuna əsasən, bu gündən etibarən yaşı 18-dən yuxarı olan bütün qadınlar məcburi hərbi xidmətə cəlb olunacaq.
Qanunun qəbul edilməsində əsas məqsəd Danimarka ordusunda əsgər sayını artırmaqdır.
Ölkədə qüvvədə olan qanuna görə, 18 yaşdan yuxarı kişilər üçün hərbi xidmət icbari olsa da, könüllülərin sayı kifayət qədər olduğundan bütün kişilər hərbi xidmətə çağırılmır. Seçim püşkatma yolu ilə aparılır. İndiyədək qadınlar orduya yalnız könüllü gedə bilirdilər. Yeni qanunla məcburi hərbi xidmət müddəti 4 aydan 11 aya qaldırılacaq. Hərbi xidmətə çağırılanlar ilk 5 ay ilkin hərbi hazırlıq keçəcək, sonrakı 6 ayda isə əməliyyat təlimlərində iştirak edəcəklər. Hazırda 6 milyon əhalisi olan Danimarkada 9 min peşəkar əsgər var. Ölkə 2033-cü ilə qədər orduya hər il 6500 əsgər əlavə etməyi hədəfləyir. Bu addımla Danimarka qadınları orduya cəlb edən üçüncü Skandinaviya ölkəsi oldu.
Danimarkanın islahatı Rusiyanın Ukraynaya müdaxiləsi və NATO ölkələrinin artan hərbi xərcləri qarşısında müdafiə qabiliyyətini gücləndirmək səylərinin bir hissəsi kimi qiymətləndirilir.
Şəbnəm Mehdizadə