Peruda 3500 illik qədim şəhər aşkar edildi


  • 11:56

Peruda 3500 illik qədim Peniko şəhəri aşkar edilib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Perunun şimalındakı Barranka bölgəsində qədimdə ticarət mərkəzi kimi fəaliyyət göstərən şəhər aşkar edilib. Tapıntılar arasında məbədlər və mərasim obyektləri var.

Peniko adlanan qəsəbənin mühüm ticarət mərkəzi olduğu ehtimal edilir.

Paytaxt Limadan təxminən 200 kilometr şimalda və dəniz səviyyəsindən 600 metr yüksəklikdə yerləşən Penikonun eramızdan əvvəl 1800-1500-cü illər arasında qurulduğu təxmin edilir. Bu dövr Mesopotamiya, Misir, Hindistan və Çində ilk böyük sivilizasiyaların yüksəliş dövrünə təsadüf edir.

Peniko Amerika qitəsində məlum olan ən qədim sivilizasiya sayılan Caraldan bir az aralıda yerləşir.

Arxeoloqlar 8 illik qazıntı və araşdırmalardan sonra qədim şəhərdə 18 fərqli tikili aşkar ediblər. Bunlara mərasim məbədləri, yaşayış kompleksləri və ictimai binalar daxildir. Şəhərin mərkəzində dağın yamacında terrasda tikilmiş dairəvi tikili diqqəti cəlb edir. Qazıntılar zamanı gildən heykəlciklər, insan və heyvan fiqurları, dəniz qabıqlarından hazırlanmış boyunbağı kimi mərasim əşyaları da tapılıb. Bu tapıntılar göstərir ki, ərazi təkcə ticarət mərkəzi deyil, həm də dini və mədəniyyət mərkəzi olub.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər