- 17:43
Avstraliyada üç qohumunu zəhərləyərək öldürməkdə təqsirli bilinən qadının məhkəmə prosesi keçirilib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, araşdırmalar nəticəsində Viktoriya ştatının Leonqata şəhərində yaşayan Erin Patterson adlı qadının 2023-cü ildə öz məqsədini həyata keçirmək üçün keçmiş həyat yoldaşı da daxil olmaqla beş nəfəri nahara dəvət etdiyi məlum olub. Lakin onun keçmiş əri həmin naharda iştirak etməkdən imtina edib.
Məclisdə iştirak edən qonaqların - qadının keçmiş həyat yoldaşının valideynləri, xalası və xalasının həyat yoldaşının yeməkdən bir neçə saat sonra səhhətində ciddi problem yaşayıb və xəstəxanaya yerləşdiriliblər. Onlardan yalnız biri sağ qala bilib.
Prokurorluğun məlumatına görə, Erin Patterson internetdə apardığı axtarışlardan sonra zəhərli göbələklər toplayaraq onlardan yemək hazırlayıb. Bu növ göbələklər qaraciyərin zülal istehsalını dayandırır və bir neçə gün ərzində orqan çatışmazlığına səbəb ola bilir.
İttihama əsasən, qadın hadisədən sonra özünü xəstə kimi göstərərək polisə yalan ifadə verib və sübutları məhv etməyə çalışıb.
Bundan əlavə, onun boşanma prosesi zamanı keçmiş həyat yoldaşının ailəsi ilə münasibətlərində ciddi gərginlik yaşandığı və bu səbəbdən əlaqələri kəsmək istədiyi ortaya çıxıb.
On həftəlik məhkəmə prosesində şahidlər dindirilib, sübutlar təqdim olunub. Bu cinayət işi təkcə Avstraliyada deyil, bütün dünyada rezonans doğurub. Erin Patterson haqqında məhkəmə hökmünün yaxın günlərdə elan ediləcəyi gözlənilir.
Şəbnəm Mehdizadə