- 17:43
Yunanıstanda havanın temperaturunun yüksək olduğu bölgələrdə saat 12:00-17:00 arasında açıq ərazidə işləmək qadağan edilib.
E-huquq.az xəbər verir ki, bu barədə Yunanıstan Əmək və Sosial Müdafiə Nazirliyi məlumat yayıb.
Bu həftə ölkə daxilində havanın temperaturunun əhəmiyyətli səviyyədə artmasına görə müavfiq tədbirlər görülüb. Bu çərçivədə Mərkəzi Makedoniya, İon adaları, Qərbi Yunanıstan, Thessaly, Messinia bölgələri, Samos və Rodos adalarında bu gün saat 12:00-17:00 arasında işçilərin açıq sahədə işləməsinə icazə verilməyəcək. Yükdaşıma, kuryer, tikinti və gəmiqayırma kimi sahələrdə də işlər dayandırılıb.
Bundan əlavə, bu gün səhər saatlarında İqlim Böhranı və Mülki Müdafiə naziri Yannis Kefaloyannisin rəhbərliyi ilə digər aidiyyəti nazirlik və qurumların iştirakı ilə keçirilən iclasda bu həftə ölkədə gözlənilən yüksək temperaturlara qarşı görüləcək digər tədbirlər müzakirə olunub.
Vətəndaşlara sərin və kölgəli yerlərdə qalmaları, fiziki güc tələb edən işlərdən uzaq durmaları, günəş vannası qəbul etməmələri, küçəyə çıxarkən papaq, gün eynəyi və açıq rəngli, pambıqdan hazırlanmış geyimlərdən istifadə etmələri, ağır yeməklərdən, spirtli içkilərdən uzaq durmaları və bol su içmələri barədə xəbərdarlıq edilib.
Qeyd edək ki, Yunanıstan Meteorologiya Xidmətinin məlumatına görə, bu həftə ölkə ərazisində havanın temperaturu yüksək olacaq. Bəzi rayonlarda havanın temperaturu 40 dərəcəni keçəcək.
Şəbnəm Mehdizadə