Böyük Britaniyada uşaqlar yoxsulluqdan əziyyət çəkir


  • 16:30

Böyük Britaniyada yüzlərlə uşaq yoxsulluqdan əziyyət çəkir.

E-huquq.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Uşaq Müvəkkili Rachel de Souza məlumat verib.

O, hazırladığı hesabatda uşaqların qida təhlükəsizliyi, təhlükəsiz mənzil, təhsil və nəqliyyat kimi ən əsas hüquqlardan məhrum edildiyini qeyd edib.

Hesabatda uşaqların yaşadıqları yoxsulluğu öz içlərində qəbul etdiklərinə və bir çoxunun əsas çatışmazlıqları adi bir şey kimi qəbul etdiyinə diqqət çəkilib. Həmçinin uşaqların və ailələrinin istilik və yemək kimi əsas ehtiyaclarını əldə etməkdə çətinlik çəkdikləri, izdihamlı və qeyri-sağlam evlərdə yaşadıqları, tez-tez köçmək məcburiyyətində qaldıqları, bu vəziyyətin onların təhsili ilə yanaşı psixi sağlamlığına da mənfi təsir göstərdiyi bildirilib. Sənəddə bəzi uşaqların kiflənmiş, siçovulların basdığı evlərdə yaşadığı, yataq yerlərinin kiçik olduğu və məktəbə getmək üçün saatlarla piyada getdikləri xüsusilə qeyd olunub.

Ərzaq təhlükəsizliyi və səhiyyə xidmətlərinə çıxışda qeyri-bərabərlik, dövlət yardımının əldə edilməsində bürokratik çətinliklər və qeyri-adekvat nəqliyyat da hesabatda vurğulanan problemlər sırasındadır.

De Souza inflyasiyaya uyğun olaraq bütün uşaq müavinətlərinin hər il artırılması, iki uşaq üçün müavinət limitinin aradan qaldırılması, bütün məktəb yaşlı uşaqlara pulsuz avtobus səyahətinin verilməsi, aztəminatlı ailələrin mənzil ehtiyaclarının prioritetləşdirilməsi və məktəb yeməklərinin keyfiyyətinin yaxşılaşdırılmasını təklif edib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər