- 19:49
Fuçjou Universitetinin tədqiqatçıları insan görünün tor qişasının işıq stimullarını qavraması və onlara uyğunlaşmasından ilhamlanaraq, oxşar adaptiv davranışa malik sensor hazırlamağa müvəffəq olublar.
E-huquq.az xəbər verir ki, bu barədə South China Morning Post (SCMP) qəzeti məlumat verib.
İnsanın görmə sistemi işığın dəyişmələrinə uyğunlaşa bilən və bu parametrləri yaddaşında saxlayaraq növbəti dəfə oxşar şəraitdə daha sürətli uyğunlaşa bilən bir quruluşa malikdir.
Aparılan araşdırmanın nəticəsində inkişaf etdirilən bionik sensor, insan gözünün qaranlıqla işıq arasındakı kəskin dəyişikliklərə 2 ilə 30 dəqiqə arasında uyğunlaşdığı halda, təxminən 40 saniyə ərzində bu dəyişikliklərə uyğunlaşa bilir.
Hazırlanmış sensorun iş prinsipi işığı səmərəli şəkildə elektrik siqnallarına çevirə və ani işıq dəyişikliklərinə uyğunlaşa bilən kvant nöqtələrinin və ya kiçik yarımkeçirici nanokristalların istifadəsinə əsaslanır.
Araşdırma qrupu, bu yeni sensorun mövcud sistemlərdəki problemlərin öhdəsindən gələ biləcəyini və daha az enerji sərfiyyatı ilə daha sürətli hesablamalar apara biləcəyini bildirdi.
Humay Eminqızı