İtaliyada meşə yanğınları - 600 turist təxliyyə edildi


  • 11 İyul 13:01

İtaliyanın Sardiniya adasının qərbində, Olbia və Sassari şəhərləri arasında yerləşən Trambukkon bölgəsində genişmiqyaslı meşə yanğını baş verib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, yanğın səbəbilə Olbia hava limanı yaxınlığındakı hava məkanı müvəqqəti olaraq bağlanıb, bu da aviareyslərdə gecikmələrə yol açıb. Olbiyaya enməli olan bəzi uçuşlar Kalyari, Alqero və Roma hava limanlarına yönləndirilib.

Alovlara həm havadan, həm də qurudan müdaxilə olunub.

Eyni zamanda, İtaliyanın məşhur istirahət və düşərgə mərkəzlərindən biri olan Toskana bölgəsinin Castiglione della Pescaia şəhərində duz təmizləyici qurğuda başlayan yanğın güclü küləyin təsirindən qısa müddətdə meşəlik əraziyə yayılıb.

Qrosseto qubernatorluğunun qərarı ilə ərazidə istirahət edən yerli və xarici 600 nəfər turist düşərgə sahəsindən təxliyə olunub.

Yanğının axşam saatlarında nəzarət altına alındığı bildirilir.

Digər tərəfdən, ölkənin cənub-şərqində yerləşən Otranto bölgəsində dünən axşam başlayan və küləyin təsiri ilə sürətlə yayılan yanğın nəticəsində 150 hektar kol-kos sahəsi yanaraq məhv olub.

Bundan başqa, Matera əyalətinin Metaponto di Bernalda şəhəri yaxınlığında baş vermiş yanğınlarla bağlı hadisələrin qəsdən törədildiyi ehtimal olunur. Bu istiqamətdə Matera Respublika Prokurorluğu tərəfindən araşdırmaya başlanılıb.

Humay Eminqızı

Oxşar xəbərlər