- 14 İyul 22:08
Macarıstanda yerləşən və minillik tarixi ilə tanınan Pannonhalma Başrahibliyinin kitabxanası böcək istilası səbəbilə təhlükə altındadır.
E-huquq.az xəbər verir ki, 400 min cilddən ibarət nəhəng kolleksiyanın təxminən dörddə birində həşəratlara rast gəlinib. Bu, kitabxananın ölkədəki ən qədim və dəyərli əlyazmaları saxlayan bölmələrindən birini əhatə edir.
Restavrasiya qrupları artıq təxminən 100 min cild əl işi kitabı rəflərdən çıxararaq xüsusi yeşiklərə yerləşdirirlər. Bu addım, həşəratları zərərsizləşdirməyə yönəlmiş dezinfeksiya prosesinin ilk mərhələsidir.
Həşəratlar kitabxananın təmizliyi zamanı aşkarlanıb. Rəflərdə qeyri-adi toz təbəqəsi, bəzi kitabların üzərində isə dəliklər və tunel izləri müşahidə olunub. Bu izlər kitabların içərisində böcəklərin hərəkət etdiyinin göstəricisidir.
Adətən quru qida məhsullarında (un, taxıl, ədviyyat) rast gəlinən kiçik qəhvəyi böcəklər kitab bağlamalarında istifadə edilən jelatin və nişasta əsaslı yapışdırıcılara da cəlb olunurlar.
Qeyd edək ki, zərərçəkmiş kitablar böyük, oksigensiz plastik torbalara yerləşdirilərək təxminən altı həftə ərzində azot qazıda saxlanılacaq. Prosesin sonunda bütün həşəratların məhv ediləcəyi gözlənilir.
Son mərhələdə hər bir kitab fərdi şəkildə yoxlanılacaq, təmizlənəcək və bərpa ediləcək. Ardınca isə yenidən rəflərə yerləşdiriləcək.
Humay Eminqızı