- 19:44
Çinin Jilin şəhərində yaşayan qadın uzun illər makiyajını silmədiyinə görə üz dərisi tanınmaz hala düşüb.
E-huquq.az xəbər verir ki, 37 yaşlı Gao adlı qadının paylaşdığı video sosial mediada müzakirələrə səbəb olub.
Anasının dodaq boyasından ilhamlanan Gao 15 yaşında olarkən makiyaj etməyə başlayıb. O, makiyajı çox sevsə də təmizliyə əməl etməyib. Belə ki, qadın həyatının demək olar ki, yarısını makiyajını düzgün təmizləmədən keçirdiyini söyləyib. O, üzünü su ilə yuyub və yatıb.
Bu vərdiş 22 il davam edib. İllər ərzində ara-sıra sızanaqlarla qarşılaşsa da, qadının dərisinə heç nə olmayıb. Lakin bu ilin əvvəlində onun üzündə əvvəlcə qızartı və qaşınma yaranıb, sonra şişib və tanınmaz hala düşüb. Buna baxmayaraq, o, dermatoloqa müraciət etmək əvəzinə, estetik mərkəzdə dərini gücləndirən iynə vurub.
Ancaq bu müdaxilə onun vəziyyətini daha da pisləşdirib və dərisi göyərməyə başlayıb.
Mütəxəssislər deyirlər ki, təkcə makiyajı silməməyin belə ağır fəsada səbəb olma ehtimalı azdır. Yaranan fəsadlarda səhv inyeksiya, kortizon məhsullarından istifadə və ya dəri xəstəlikləri kimi digər amillər də rol oynaya bilər.
Bir çox insan qadına makiyajın silinməsinin vacibliyini xatırladaraq onu dəstəkləyib.
Şəbnəm Mehdizadə