Bu bitkini qoparanlar 557 min cərimə olunacaq


  • 21 İyul 15:04

Türkiyənin Siirt vilayətinin Tillo rayonuna bağlı Sinep kəndində yaşayan sakinlər yerli endemik növ olan və qoruma altında saxlanılan Siirt adaçayını (Salvia siirtica) qorumaq məqsədilə qəbiristanlıqda növbə çəkirlər.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu nadir bitkinin qoparılması halında 557 min 212 Türk lirəsi məbləğində inzibati cərimə tətbiq olunur.

Yalnız Sinep kəndindəki qəbiristanlıqda yetişən bu bitki, Beynəlxalq Təbiəti Mühafizə İttifaqının (IUCN) meyarlarına əsasən, tək yaşam mühiti və populyasiyasının azlığı səbəbindən "tənəzzül təhlükəsi altında olan növlər" (CR – Critically Endangered) kateqoriyasına daxildir.

Türkiyə Təbiəti Qoruma və Milli Parklar Siirt Şöbə Müdirliyi tərəfindən hazırlanan "Siirt Adaçayı Növünün Qorunması üzrə Fəaliyyət Planı" çərçivəsində bu bitki rəsmi şəkildə qoruma altına alınıb.

Bitkinin əhəmiyyəti və məhv olma təhlükəsi barədə akademiklərdən məlumat alan kənd sakinləri, onu qorumaq məqsədilə may ayından başlayaraq iyulun sonunadək növbəli şəkildə qəbiristanlıqda keşik çəkirlər.

Bu təşəbbüs, həm təbiətin qorunması, həm də nadir bitki növlərinin gələcək nəsillərə çatdırılması baxımından mühüm addım kimi qiymətləndirilir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər