- 10:58
İyulun 4-də ABŞ-nin Texas ştatında baş verən daşqınlardan sonra aparılan axtarış-xilasetmə işləri nəticəsində əvvəlcə itkin düşdüyü bildirilən 160 nəfərin böyük əksəriyyətinin sağ olduğu müəyyən edilib. Hazırda yalnız 3 nəfərin axtarışları davam etdirilir.
E-huquq.az CNN-ə istinadən xəbər verir ki, Kerr bölgəsində güclü yağışların səbəb olduğu daşqınlarla əlaqədar axtarış-xilasetmə əməliyyatları geniş miqyasda davam etdirilir. Rəsmilərin açıqlamasına görə, 1000-dən artıq şəxsi heyətin iştirakı ilə aparılan əməliyyatlar nəticəsində itkinlərin sayında ciddi azalma müşahidə olunub.
İlkin olaraq itkin düşdüyü hesab edilən şəxslərin əksəriyyətinin təhlükəsiz olduqları müəyyən edilib və onların adları itkinlər siyahısından çıxarılıb.
Qeyd edək ki, iyulun 4-də Texasın Kerr bölgəsində yağan güclü leysan nəticəsində qəfil daşqınlar baş verib. Hadisə nəticəsində 135 nəfərin həyatını itirdiyi açıqlanıb.
ABŞ prezidenti Donald Tramp hadisənin ardından 50 minə yaxın insanın yaşadığı bölgəni fəlakət zonası elan edib və araşdırmalar aparmaq məqsədilə əraziyə səfər edib.
Texas rəsmiləri isə fəlakət zamanı dəqiq hava proqnozlarının verilməməsi səbəbindən NWS-ni tənqid ediblər. Bildirilib ki, NWS bölgə üçün 10–20 sm arası yağıntı proqnozlaşdırsa da, bu rəqəmlər digər meteoroloqların gözləntiləri ilə üst-üstə düşməyib və nəticədə əhalinin vaxtında xəbərdar edilməsi mümkün olmayıb.
Şəbnəm Mehdizadə