ABŞ-də dövlət qurumlarına və özəl şirkətlərə qarşı kiberhücumlar olub


  • 21 İyul 16:36

"Microsoft"un geniş istifadə olunan server proqram təminatındakı boşluqdan istifadə edən hakerlər ABŞ dövlət qurumlarına və özəl şirkətlərə qarşı kiberhücumlar həyata keçirib.

E-huquq.az xəbər verir ki, bu barədə "Washington Post" (WP) qəzeti məlumat yayıb.

ABŞ-ın şərqindəki əyalət rəsmisi bildirib ki, hakerlər hökumətin işini vətəndaşlara izah etmək üçün nəzərdə tutulmuş ictimai sənəd anbarını ələ keçiriblər.

Bu sənədlər hazırda əlçatan deyil, lakin onların silinib-silinmədiyi hələlik məlum deyil.

Səlahiyyətlilər və özəl təhlükəsizlik tədqiqatçıları tərəfindən verilən məlumata görə, hücumlar ABŞ-ın federal və dövlət qurumlarına, eləcə də universitetlərə, enerji şirkətlərinə və Asiyada fəaliyyət göstərən telekommunikasiya şirkətinə təsir edib. Kibertəhlükəsizlik üzrə ekspertlər, hücumların, həmçinin İspaniyadakı bir dövlət qurumuna, ABŞ-ın Albukerke şəhərindəki yerli qurumuna və Braziliyadakı bir universitetə təsir etdiyini bildiriblər.

Tədqiqatçılar, bütün dünyada on minlərlə "Microsoft SharePoint" serverinin risk altında olduğunu və "Microsoft"un bu boşluq üçün hələlik hərtərəfli təhlükəsizlik yeniləməsini təqdim etmədiyini bildiriblər.

Səlahiyyətlilər, hücumların yalnız qurumların öz serverlərinə təsir etdiyini və "Microsoft 365" kimi bulud əsaslı xidmətlərin təsirlənmədiyini qeyd edib.

ABŞ Federal Təhqiqat Bürosunun (FTB) açıqlamasında "Federal hökumət və özəl sektor tərəfdaşlarımızla sıx əməkdaşlıq edirik", - deyə bildirlib.

Hollandiyada yerləşən kibertəhlükəsizlik firması "Eye Security", bu serverlərin "Microsoft Outlook" və "Microsoft Teams" kimi əsas xidmətlərlə əlaqəli ola biləcəyinə diqqət çəkərək, bu cür pozuntuların həssas məlumatların oğurlanmasına və istifadəçi parollarının tutulmasına səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər