İranda dövlət qurumları bağlandı - SƏBƏB


  • 22 İyul 17:14

İranda Tehran da daxil olmaqla bir çox əyalətlərdə dövlət qurumları bağlanıb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, iyulun 23-də Tehran da daxil olmaqla azı 14 əyalətdə dövlət qurumları fəaliyyət göstərməyəcək.

Qərar Gilan, Fars, Mərkəzi, Rəzəvi Xorasan, Gülüstan, Əlburz, Mazandaran, Kirman, Buşehr, Hörmüzqan, Xuzistan, Lorestan, Şimali Xorasan və Yəzd əyalətlərində tətbiq ediləcək.

Digər əyalətlərdə isə iş saatlarına düzəlişlər edilib. Semnan və Kirmanşah da daxil olmaqla bir çox vilayətdə iş saatları səhər saat 6:00-dan səhər 11:00-a qədər uyğunlaşdırılıb.

Qərarın həddindən artıq istilərin yaratdığı elektrik enerjisinə tələbatı azaltmaq və ümummilli enerji sistemini qorumaq məqsədilə qəbul edildiyi bildirilir.

İran Meteorologiya Xidmətinin məlumatına görə, cənub və qərb bölgələrində havanın temperaturu 50 dərəcəyə çatıb. Tehranda da havanın temperaturu 40 dərəcə Selsi civarındadır.
Rəsmilər vətəndaşları çox zərurət olmadıqca küçəyə çıxmamağa, birbaşa günəş işığından çəkinməyə və elektrik enerjisi istehlakını minimuma endirməyə çağırıb.

Son aylarda ölkədə enerjiyə qənaət praktikası getdikcə geniş yayılıb.

Həddindən artıq enerji istehlakının qarşısını almaq üçün Tehranın müxtəlif bölgələrində son vaxtlar gündə iki saatlıq elektrik kəsilməsi tətbiq edilir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər