- 21:05
Polşanın Qdansk şəhərində dondurma mağazasının altından orta əsr cəngavərinin skeleti aşkar edilib.
E-huquq.az yerli mətbuata istinadən xəbər verir ki, 2023-cü ildən şəhərin Srodmiescie rayonunda qazıntı işləri aparan arxeoloqlar ilk olaraq üzərində zirehli cəngavər relyef fiquru olan məzar daşı aşkar ediblər. Daha sonra 13-14-cü əsrə aid olduğu güman edilən bir adamın skeletini aşkar edilib.
ArkeoScan arxeoloji firmasının verdiyi açıqlamada tapıntı son illərdə Polşada tapılan ən əhəmiyyətli arxeoloji kəşflərdən biri kimi qiymətləndirilib.
Qəbir daşı orta əsrlərdə çox qiymətli hesab edilən Qotland əhəngdaşından hazırlanıb. Bu, zəncirli zərb taxan, qalxan daşıyan və qılıncını qaldıran cəngavər relyefini əks etdirir. Təxminən 150 santimetr uzunluğundakı məzar daşına müəyyən ziyan dəyməsinə baxmayaraq, detallar hələ də aydın görünür. Qazıntılar zamanı üzə çıxarılan skeletin hündürlüyünün 170-180 santimetr olduğu müəyyən edilib. Arxeoloq Silvia Kurzinskanın sözlərinə görə, sümüklərin təbii düzülüşü məzar daşının ilkin dəfn yerinə aid olduğunu təsdiqləyir və qalıqlar olduqca yaxşı qorunub saxlanılıb. Qəbirdə heç bir qiymətli əşyaya rast gəlinməyib.
"Bütün məlumatlar göstərir ki, sözügedən şəxs çox güman ki, yüksək rütbəli cəngavər və ya komandir olub", - Kurzinska bildirib.
Sözügedən məzar Qdanskdakı ən qədim kilsəyə aid təxminən 300 nəfərin olduğu qəbiristanlığın bir hissəsidir. Kilsə 1140-cı ildə kəsilmiş palıd ağaclarından tikilib və 11-ci əsrin sonundan 14-cü əsrin əvvəllərinə qədər mövcud olmuş orta əsr yaşayış məntəqəsi kimi müəyyən edilib.
Mütəxəssislər hazırda qəbir daşını sabitləşdirmək və ətraflı sənədləşdirmək üçün onu təmizləyirlər. Daşın 3D skanı aparılacaq və çatışmayan hissələr rəqəmsal olaraq yenidən qurulacaq. Eyni zamanda, skeletin antropoloji və genetik analizləri aparılacaq, kəllə əsasında üz rekonstruksiyası aparılacaq.
Şəbnəm Mehdizadə