- 21:05
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Çikunqunya virusunun sürətlə yayıldığını açıqlayıb.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, təşkilatın yaydığı bəyanatda Hind okeanında 20 il əvvəl baş verən böyük epidemiyanın yenidən təkrarlanmaması üçün təcili tədbirlər görülməli olduğu bildirilib.
ÜST-nin texniki işçilərindən biri Diana Rojas Alvarez virusun şiddətli oynaq ağrılarına və yüksək hərarətə səbəb olduğunu və bəzi hallarda ölümə səbəb ola biləcəyini deyib.
"Çikungunya geniş şəkildə tanınmasa da, bu günə qədər 119 ölkədə aşkarlanıb və dünya üzrə 5,6 milyard insan üçün təhülkə yaradır". O, 2004-2005-ci illər arasında Hind okeanındakı kiçik ada dövlətlərində başlayan və sürətlə qlobal miqyasda yayılaraq yüz minlərlə insana yoluxan epidemiyanı xatırladaraq, oxşar nümunənin yenidən ortaya çıxdığını qeyd edib.
"2025-ci ilin əvvəlindən Reunion, Mayotte və Mavrikiy adalarında irimiqyaslı çikunqunya epidemiyaları qeydə alınıb. Reunion adasında əhalinin üçdə birinin bu xəstəliyə yoluxduğu təxmin edilir", - deyə o əlavə edib.
ÜST-nin məlumatına görə, virus hazırda Madaqaskar, Somali və Keniya kimi Afrika ölkələrinə yayılır. Epidemik yoluxma Cənubi Asiyada da müşahidə olunur.
ÜST ictimaiyyəti fərdi qoruyucu tədbirlər görməyə, o cümlədən ağcaqanad qovuculardan istifadə etməyə, su ilə dolu qabları boş qoymamağa və ağcaqanadların çoxala biləcəyi ərazilərdə müvafiq tədbirlər görməyə dair çağırış edib.