Türkiyə yay mövsümündə mövsüm normalarını aşan güclü isti hava dalğasının təsiri altına düşüb.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Meteorologiya İdarəsinin yaydığı məlumatlara görə, iyulun 23-də ölkənin ən isti nöqtəsi Siirt vilayətinin Kurtalan rayonu olub. Burada temperatur 47,0 dərəcə qeydə alınıb.
Xüsusilə Cənub-şərqi Anadolu və Egey bölgələrində yerləşən bir çox yaşayış məntəqəsində termometrlər son illərin ən yüksək göstəricilərinə çatıb.
Rəsmilər əhalini diqqətli olmağa çağırıb. Xüsusilə xroniki xəstəliyi olanlara, yaşlılara və uşaqlara xəbərdarlıq olunub. Bildirilib ki, günün ən isti saatlarında – saat 11:00-dan 16:00-a qədər vacib olmadığı halda çölə çıxmamaq və bol maye qəbul etmək tövsiyə edilir.
Ən isti bölgələr üzrə qeydə alınan temperatur göstəriciləri belədir:
Siirt, Kurtalan – 47,0°C (ölkə üzrə ən yüksək)
Şırnak, Cizrə – 46,7°C
Şanlıurfa, Ceylanpınar – 46,1°C
Mardin, Kızıltepe – 45,9°C
Gaziantep, Karkamış – 45,8°C
Aydın, Karpuzlu – 45,5°C
İzmir, Tire – 45,4°C
Eskişehir, Sarıcakaya – 45,1°C
Hatay, Hassa – 45,0°C
Antalya, Serik – 44,5°C
Muğla, Yatağan – 44,5°C
Kilis, Elbeyli – 44,4°C
Hazırda ölkədəki bir çox bölgə üçün isti hava xəbərdarlığı qüvvədədir. Meteoroloqlar yaxın günlərdə də yüksək temperaturun davam edəcəyini bildirirlər.
Şəbnəm Mehdizadə
