Estoniya hökuməti Belarusun əsas nümayəndələrinə qarşı tətbiq olunan sanksiyaları müddətsiz etmək qərarına gəlib və onların ölkəyə girişinə qoyulan qadağanı uzadıb.
E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bu siyahıya Belarus prezidenti Aleksandr Lukaşenko da daxildir.
Bu təşəbbüsü Estoniyanın xarici işlər naziri Margus Tsahkna irəli sürüb.
Onun sözlərinə görə, Belarusda insan hüquqları ilə bağlı vəziyyət dəyişməz olaraq qalır və Minsk tərəfindən Rusiyanın Ukraynaya qarşı təcavüzünün dəstəklənməsi sanksiya təzyiqlərinin zəruriliyini daha da artırır.
“Demək olar ki, beş il ərzində sanksiyalar tətbiq olunmasına baxmayaraq, Belarusda heç bir pozitiv dəyişiklik baş verməyib. Davam edən repressiyalara göz yuma bilmərik, buna görə də sanksiyalar müddətsiz qüvvədə qalmalıdır,” – deyə diplomat vurğulayıb.
Nazirin əmrinə əsasən, sanksiyalara məruz qalan şəxslərin siyahısına yüksək vəzifəli məmurlar, hakimlər, təhlükəsizlik məmurları, təbliğatçılar və Belarus prezidenti Aleksandr Lukaşenkonun yaxınları da daxil olmaqla 273 nəfər daxildir.
Humay Eminqızı
