Alzheimer xəstəliyinin zərərini aradan qaldıra bilən iki dərman müəyyən edilib


  • 25 İyul 10:01

ABŞ-də aparılan yeni bir araşdırmaya görə, xərçəngin müalicəsində istifadə edilən iki dərman Alzheimer xəstəliyinin beyinə təsirini aradan qaldıra bilər.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, letrozol və irinotekan adlı bu dərmanlar, artıq ABŞ Qida və Dərman İdarəsi (FDA) tərəfindən təsdiqlənib. Yəni Alzheimerin müalicəsi üçün klinik sınaqlar daha tez başlaya bilər.

Tədqiqat Kaliforniya Universiteti, San Fransisko (UCSF) və Gladstone İnstitutu ilə birgə aparılıb. Tədqiqatçılar Alzheimer xəstəliyində beyin hüceyrələrində gen ifadəsinin necə dəyişdiyini araşdırıb və bu dəyişiklikləri geri qaytara biləcək dərmanları müəyyən etmək üçün böyük tibbi məlumat bazasından istifadə ediblər.

İlkin araşdırmalar göstərir ki, letrozol (ümumiyyətlə süd vəzi xərçənginin müalicəsində istifadə olunur) və irinotekan (bağırsaq və ağciyər xərçənginin müalicəsində istifadə edilən kimyaterapiya dərmanı) Alzheimer xəstəliyi ilə əlaqəli genetik dəyişiklikləri geri qaytara bilər.

Bu dərmanlar siçanlar üzərində sınaqdan keçirildikdə, Alzheimer xəstəliyinin yaratdığı zərərli tau protein yığınları əhəmiyyətli dərəcədə azalıb. Həmçinin öyrənmə və yaddaş testlərində də əhəmiyyətli irəliləyişlər müşahidə edilib. Tədqiqat nəticəsində məlum olub ki, hər iki dərman müxtəlif beyin hüceyrələrinə təsir göstərir:

Letrozol Alzheimerdən təsirlənən neyronlara, irinotekan isə glial hüceyrələrə təsir edir.

Bu, həm də eyni vaxtda xəstəliyin müxtəlif aspektlərini hədəf ala bilən kombinasiyalı terapiyanın inkişafına imkan verir.

Nevroloq Yadong Huang deyib ki, alzheimer xəstəliyi bir çox gen və zülaldakı dəyişikliklərin birləşmiş təsiri nəticəsində inkişaf edir.

Bu isə nənəvi tək hədəfli dərman inkişaf yanaşmalarını qeyri-adekvat edir.

Bu iki dərman xərçəngin müalicəsində istifadə edildiyi üçün bəzi yan təsirləri məlumdur. Alimlər bu təsirlərin yenidən qiymətləndirilməsi qənaətinə gəlib.

Tədqiqatçılar növbəti mərhələdə Alzheimer xəstələri üzərində klinik sınaqlara başlamağı hədəfləyirlər.

Qeyd edək ki, dünyada 55 milyondan çox insan Alzheimer xəstəliyindən əziyyət çəkir. Əhalinin qocalması səbəbindən bu rəqəmin növbəti 25 ildə iki dəfə artacağı gözlənilir. Ona görə də xəstəliyin həm qarşısını ala, həm də təsirini geri qaytara bilən müalicə üsullarının əhəmiyyəti artır.

Araşdırmanın nəticələri Cell jurnalında dərc olunub.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər