- 22:10
Türkiyədə son günlərdə müşahidə olunan isti hava dalğası davam edir.
E-huquq.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Şırnak vilayətinin Silopi bölgəsində temperatur 50.5 dərəcə Selsiyə çataraq ölkə tarixində yeni rekord müəyyən edib. Hazırda ölkənin bir çox ərazisində mövsümi normaları 6-12 dərəcə üstələyən istilər yaşanır.
Qarşıdakı günlərdə də hava temperaturunun yüksəlməsi davam edəcək.
Dənizkənarı bölgələrdə temperatur normadan 3-6 dərəcə, Şərqi və Cənub-Şərqi Anadoluda 4-8 dərəcə, digər bölgələrdə isə 6-12 dərəcə yüksək olacaq. Ölkə ərazisində yaxın günlərdə yağış gözlənilmir. Ankara, İzmir və İstanbulda havanın temperaturu 40 dərəcəyə qədər yüksələcək, İstanbulda çərşənbə günü leysan yağış ehtimalı var.
Ölkdə gündüzlə yanaşı gecələr də havanın sərinləməməsi səbəbindən "tropik gecə" adlandırılan təbiət hadisəsi müşahidə olunacaq. Gecə temperaturun 20 dərəcədən yuxarı olduğu bu şərait insan orqanizmi üçün əlavə risklər yarada bilər. Mütəxəssislər xüsusilə yaşlılar, uşaqlar və xroniki xəstəliyi olanlara isti havalarda ehtiyatlı olmağı, sərin yerlərdə qalmağı və kifayət qədər maye qəbul etməyi tövsiyə edirlər.
Şəbnəm Mehdizadə