- 22:10
İranda həddindən artıq istilərlə əlaqədar olaraq iyulun 29-30-da Lorestan əyalətində dövlət müəssisələri fəaliyyətini dayandıracaq.
E-huquq.az İran mətbuatına istinadən xəbər verir ki, bu barədə əyalət başçısının müavini Həmid Keşkuli məlumat verib.
O bildirib ki, havanın yüksəlməsi ilə əlaqədar bütün dövlət qurumları, universitetlər və təhsil müəssisələri iyulun 29-30-da bağlanıb.
İranın cənubundakı Fars körfəzi sahilində yerləşən Buşəhr vilayətində havanın temperaturunun 50 dərəcəni keçəcəyi xəbərdarlığından sonra bu qərar verilib.
Hazırda həddindən artıq istilərin hökm sürdüyü ölkədə yüksək enerji istehlakının qarşısını almaq üçün addımlar atılır.
Bu günlərdə Tehranın müxtəlif bölgələrində gündəlik iki saatlıq elektrik kəsilməsi tətbiq edilib. İranda havaların istiləşməsi ilə enerjiyə qənaət praktikası geniş vüsət alıb.
Kondisionerlərdən istifadənin artması səbəbindən enerji tələbinin pik həddə çatdığı bu isti günlərdə rəsmilər tez-tez əhalini resurslara qənaət etməyə çağırırlar.
Şəbnəm Mehdizadə