Qlobal istiləşmə və yanğınlar dünyada meşələrə ciddi ziyan vurur


  • 29 İyul 16:20

“Dünyanın ağciyərləri” sayılan meşələr qlobal istiləşmədən ciddi zərər çəkir.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, qlobal istiləşmənin səbəb olduğu və dünyanın bir çox bölgəsinə təsir edən yanğınlar getdikcə meşələrin tələf olmasına səbəb olur. Xüsusilə Cənubi Avropa ölkələrində geniş yayılmış meşə yanğınlarının sürəti və miqyası iqlim dəyişikliyi səbəbindən təhlükəli həddə çatıb.

Avropa Meşə Yanğınları İnformasiya Sisteminin məlumatına görə, ilin əvvəlindən iyulun 29-na qədər Avropa İttifaqı (Aİ) ölkələrində baş verən meşə yanğınları 292 855 hektar ərazini əhatə edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə iki dəfədən çox artıb.

Yanvarın 1-dən iyulun 29-dək Aİ ölkələrində 1339 yanğın baş verib. 2006-2024-cü illər arasında yanğınların orta sayı 597 olub. 2024-cü ildə 900 meşə yanğını olub. Aİ ölkələri arasında meşə yanğınları nəticəsində ərazi itkisinin ən böyük artımı Rumıniya olub. Bu il ölkədə zərər çəkmiş ərazi ötən illə müqayisədə 5 dəfədən çox artaraq 123 min hektarı ötüb.

İtaliyada ilin əvvəlindən meşə yanğınları nəticəsində zərər çəkmiş ərazi ötən ilin eyni dövrü ilə müqayisədə təxminən iki dəfə artaraq 34 018 hektara çatıb. Fransada bu dövrdə meşə yanğınlarının məhv etdiyi sahə əvvəlki illə müqayisədə iki dəfə artaraq 23 min 471 hektara çatıb. Almaniyada ötən ilin eyni dövründə meşə yanğınları 280 hektar əraziyə ziyan vurmuşdusa, bu il 4969 hektar ərazi zərər görüb.

Bu il baş verən yanğınlar İspaniyada 35 923 hektar, Yunanıstanda 18 360 hektar, Portuqaliyada 10 000 hektar ərazini yandırıb. İrlandiya, Avstriya, Belçika, Danimarka, Finlandiya, Macarıstan, İsveç və Hollandiyada yanğınlar getdikcə daha çox ərazilərə ziyan vurur. İyulun 29-na olan məlumata görə, meşə yanğınları Aİ-dən kənar Avropa ölkələrində 536 min hektar əraziyə ziyan vurub.

Bu dövrdə Böyük Britaniyada 45 748 hektar, Bosniya və Herseqovinada 23 454 hektar, Serbiyada 16 706 hektar, Monteneqroda 14 088 hektar, Kosovoda 4 926 hektar və Norveçdə 24 hektar ərazi məhv olub.

Rusiya, Braziliya, Kanada, Avstraliya və ABŞ kimi geniş meşə sahələrinə malik ölkələr ən çox zərər çəkənlər sırasındadır. 2001-2024-cü illər arasında qlobal miqyasda 152 milyon hektar meşə yanğınlar nəticəsində məhv olub. Rusiya hər il geniş əraziləri, xüsusən də Sibiri bürüyən və aylarla davam edən meşə yanğınları ilə mübarizə aparır.

"Global Forest Watch"un məlumatlarına görə, Rusiya 2001-ci ildən 2024-cü ilə qədər hər il orta hesabla 2,6 milyon hektar meşəlik ərazini itirib. Yanğınlar 2001-ci ildə 1,16 milyon hektar, keçən il isə 4,11 milyon hektar meşəlik ərazini əhatə edib. Kanadada hər il orta hesabla 1,86 milyon hektar meşəlik ərazi yanğınlar nəticəsində zədələnir. Ölkədə xüsusilə son üç ildə meşə yanğınlarında əhəmiyyətli artım müşahidə olunub və yanğınların təsirinə məruz qalan ərazi 2024-cü ildə 4,35 milyon hektara çatıb.

Yanğınlar nəticəsində hər il orta hesabla 551 min hektar meşənin məhv olduğu ABŞ-də keçən il isə 504 min hektar olub.

Böyük Amazon meşələrinin vətəni olan Braziliya da qlobal istiləşmə və iqlim dəyişikliyindən ən çox təsirlənən ölkələr sırasındadır. Hər il Braziliyada orta hesabla 538 min hektar ərazinin yanğınlar nəticəsində məhv olur.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər