- 6 Avqust 22:29
Meksikanın Miçoakan əyalətində yerləşən 2500 illik qədim piramida yağan güclü yağışlar nəticəsində dağılıb.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, təxminən 15 metr hündürlüyündə olan kvadrat quruluşun cənub divarı aramsız yağan yağışın təzyiqi altında uçub.
Həmin piramida İhuatsio Arxeoloji Saytında yerləşirdi və P'urhepecha Krallığının ən yaxşı qorunan xarabalıqlarından biri hesab olunur.
Meksikanın Milli Antropologiya və Tarix İnstitutu (INAH) bunun səbəbini dağılmaya qədər olan dövrdə yaşanan ekstremal iqlim şəraiti ilə əlaqələndirib.
Qurumun verdiyi açıqlamada bildirilib ki, bölgədəki yüksək temperatur və sonrakı quraqlıq suyun quruluşa sızmasına imkan verən çatlar əmələ gətirib. Bu isə onun dağılmasını qaçılmaz edib.
Dağılmadan sonrakı müayinələr nəticəsində məlum olub ki, piramidanın altı müxtəlif səviyyəsi, həmçinin xarici divar, əsas özəyi və dayaq divarı zədələnib.
INAH rəsmiləri vurğuladılar ki, hazırda onların əsas məqsədi piramidada konstruktiv təmir işləri aparmaqdır.
Şəbnəm Mehdizadə