Avstraliyada yeni çəyirtkə növü kəşf edildi


  • 1 Avqust 11:58

Avstraliyanın Kvinslend ştatının şimal bölgələrində təxminən 40 santimetr uzunluğa və 44 qram çəkiyə malik olan yeni bir çəyirtkə növü – "Acrophylla alta" kəşf olunub.

E-huquq.az "ABC News"a istinadən xəbər verir ki, bu nadir böcək növü ilk dəfə sosial mediada yayımlanan bir fotoşəkil vasitəsilə diqqət çəkib. Fotoşəkili görən və növün izinə düşən tədqiqatçılardan biri olan Anqus Emmott araşdırmalar nəticəsində bu növün elmə məlum olmayan bir canlı olduğunu təsdiqləyib.

Emmott bildirib ki, növün yumurtaları üzərində aparılan araşdırmalar onun fərqli və yeni bir növ olduğunu ortaya qoyub: "Yumurtaların quruluşu və səth forması digər növlərdən tamamilə fərqlidir, bu da onun yeni bir növ olduğunu sübut edir".

Tədqiqatçılar bu növün ən diqqətçəkən xüsusiyyətinin çəkisi olduğunu vurğulayırlar. Emmott qeyd edib ki, bu növ Avstraliyada indiyə qədər aşkarlanmış ən ağır böcək ola bilər.

Tədqiqatçı, həmçinin növün bu vaxta qədər aşkarlanmayaraq elmə məlum olmamasını onun yaşadığı əraziyə çıxışın çətinliyi ilə izah edib: "Çox ehtimal ki, çətin keçilən və təbii mühit baxımından əlçatmaz olan bu ərazilər növün bu günə qədər diqqətdən yayınmasına səbəb olub."

Yeni növün kəşfi Avstraliya təbiətində hələ də kəşf olunmamış canlıların mövcudluğunu göstərməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Tədqiqatçılar bölgədə əlavə araşdırmalar aparmağı planlaşdırırlar.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər