ABŞ-da keçmiş nüvə silahı istehsalat zavodunda radiasiyalı eşşək arısı yuvası aşkarlanıb


  • 1 Avqust 12:12

ABŞ-ın Cənubi Karolina ştatında yerləşən və əvvəllər nüvə silahı istehsalında istifadə olunan "Savannah River Site" adlı obyektin ərazisində radiasiya səviyyəsi qanuni həddin 10 qatını aşan bir eşşək arısı yuvası aşkar edilib.

E-huquq.az-ın xarici mətbuata istinadən məlumatına görə, ABŞ Energetika Nazirliyi tərəfindən yayımlanan hesabatda bildirilir ki, bu təhlükəli yuva iyulun 3-də obyekt daxilində aparılan ənənəvi radiasiya yoxlamaları zamanı müəyyən edilib. Yuvada yaşayan arılar dərhal məhv edilib, yuva isə radiasiya tullantısı kimi paketlənərək zərərsizləşdirilib.

Hadisədən sonra aparılan araşdırmalar nəticəsində ərazidə əlavə hər hansı arı sürüsünə rast gəlinmədiyi, ətraf mühitə və ya insanların sağlamlığına birbaşa təhlükə yaranmadığı bildirilib.

Yuva milyonlarla gallon nüvə tullantısı saxlanılan yeraltı tankların yaxınlığındakı bir dirəkdə aşkar edilib. Lakin rəsmi açıqlamalarda, yuvada qeydə alınan yüksək radiasiyanın bu tanklardan sızma ilə əlaqəli olmadığı bildirilib. Hadisənin obyektin keçmişdəki nüvə fəaliyyətlərindən qalan radiasiyalı çirklənmə ilə bağlı olduğu vurğulanıb.

1950-ci illərdə qurulan və soyuq müharibə dövründə ABŞ-ın nüvə bombaları üçün plütonium istehsal etdiyi əsas müəssisələrdən biri olan "Savannah River Site" bu gün nüvə enerjisi sahəsində fəaliyyət göstərir. Energetika Nazirliyinin məlumatına görə, tapılan radiasiya səviyyəsi, arıların özləri ilə daşıya biləcəyindən qat-qat yüksək olub. Arıların maksimum bir neçə yüz metr məsafəyə uça bildiyi və yuvanın obyektin 800 kvadrat kilometrlik mərkəz hissəsində yerləşdiyi nəzərə alınaraq, xarici ərazilərə radiasiyanın yayılma riskinin çox aşağı olduğu qeyd olunub.

Buna baxmayaraq, ətraf mühitin qorunması ilə məşğul olan təşkilatlar hökumətin hadisəyə yanaşmasını şəffaflıqdan uzaq və yetərsiz hesab ediblər. "Savannah River Site Watch" adlı vətəndaş təşkilatının sözçüsü Tom Clements "Associated Press"ə açıqlamasında bildirib: "Bu radiasiyanın mənbəyi nədir? Niyə hələ də açıqlanmır? Yoxsa burada ictimaiyyətin bilmədiyi bir sızma var?"

Rəsmi statistikaya görə, "Savannah River Site" fəaliyyət göstərdiyi dövrdə ümumilikdə 625 milyon litr maye nüvə tullantısı istehsal edib. Hazırda 43 yeraltı tank hələ də istifadədədir, 8 tank isə bağlanıb.

Hadisə illər öncə dayandırılmış nüvə proqramlarının, bu gün belə, təbiət və ətraf mühit üzərində davam edən təsirlərini bir daha gündəmə gətirib.

Rəsmilər istər radiasiya yayılması, istərsə də sızma ilə bağlı heç bir risk olmadığını təkrarlasa da, ictimai narahatlıq davam edir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər