ABŞ Çində yayılan ölümcül virusla bağlı xəbərdarlıq etməyə hazırlaşır


  • 1 Avqust 12:40

ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri (CDC), Çində sürətlə yayılan "chikungunya" virusu səbəbilə bu ölkəyə səyahət edəcək vətəndaşlar üçün rəsmi xəbərdarlığı yaymağa hazırlaşır.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, iyul ayının əvvəlində qeydə alınan ilk hadisədən sonra Çində ümumilikdə təxminən 5 min yoluxma faktı təsdiqlənib. Bu halların təxminən 3 mini Honq Konqla sərhəddə yerləşən Guangdong əyalətində yalnız son bir həftədə baş verib.

Avropa Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi (ECDC) bildirir ki, 2025-ci ilin əvvəlindən bu yana ən azı 16 ölkədə 240 min "chikungunya" virusuna yoluxma halı qeydə alınıb və 90 nəfər həyatını itirib.

CDC-nin "The Independent"ə verdiyi açıqlamada, virusun miqyası və yayılma sürətinin qiymətləndirildiyi bildirilib. Yaxın günlərdə yayımlanması gözlənilən CDC xəbərdarlığı Çinə rəsmi səyahət sağlamlıq xəbərdarlığı veriləcəyi anlamına gələcək.

"Chikungunya" virusu infeksiyalı ağcaqanadın dişləməsi ilə insana keçir. Virus, əvvəllər də Afrika, Asiya, Amerika və Avropada yayılıb və səyahət edən yoluxmuş şəxslər vasitəsilə yeni bölgələrə ötürülə bilir.

Xəstəlik adətən yüksək hərarət və güclü oynaq ağrısı ilə başlayır. Əlavə simptomlara baş ağrısı, əzələ ağrıları, oynaq şişkinliyi və dəri səpgiləri daxildir. Ağır hallarda isə qalıcı oynaq zədələnmələri və uzunmüddətli fiziki məhdudiyyətlər yarana bilər.

Virusa qarşı hazırda nə təsdiqlənmiş müalicə üsulu, nə də peyvənd mövcuddur. Mütəxəssislər səyahətə çıxacaq şəxslərə aşağıdakı tədbirləri tövsiyə edirlər:

- Uzunqollu, bədəni örtən geyimlər geyinmək
- Böcəkqovucu spreylərdən istifadə etmək
- Gün doğumu və batımı vaxtlarında çöldə çox qalmamaq

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) da ötən həftə "chikungunya" virusunun qlobal epidemiya halına gələ biləcəyi barədə xəbərdarlıq yayıb. Təşkilatın rəsmi nümayəndəsi Diana Rojas Alvarez bildirib ki, təxminən 119 ölkədə 5.6 milyard insan bu virusa məruz qalma riski olan bölgələrdə yaşayır.

Mütəxəssislərin sözlərinə görə, virus 2004-cü ildən bəri mutasiyaya uğrayaraq daha sürətlə yayılma xüsusiyyəti qazanıb. Bu da onun daha geniş coğrafiyalara yayılmasını və daha tez-tez epidemiyaların baş verməsini şərtləndirir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər