- 09:35
NASA-nın "Perseverance" roveri Mars səthində demək olar ki, mükəmməl dairəvi formaya malik olan qəribə sferik qayalar, yəni daş kürələri aşkar edib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, kəşf 5 iyul 2025-ci il tarixində, Mars missiyasının 1555-ci günündə, "Rowsell Hill" adlı bölgədə həyata keçirilib.
"Perseverance"nin robot qoluna quraşdırılmış "WATSON" kamerası bu sferik formaları görüntüləyib.
Bu sferüllər 2000-ci illərdə "Opportunity" roveri tərəfindən aşkar olunan hematit tərkibli strukturlardan fərqlənir. Yeni tapılan kürələrin bazaltik struktura malik olduğu və yüksək temperatur nəticəsində formalaşdığı təxmin edilir.
NASA alimləri bu sferik qayaların ya vulkanik lavların sürətlə soyuması, ya da meteorit çarpması zamanı ərimiş materialın havada soyuyaraq yerə düşməsi nəticəsində meydana gəldiyini ehtimal edirlər.
"Perseverance" daha əvvəl "Hare Bay" bölgəsində bənzər bir kürəvi strukturu qazaraq nümunə toplamış, ardınca isə "Witch Hazel Hill" ətrafında yer alan səthə çıxmış zəif quruluşlu kürelərə diqqət yetirmişdi. Alimlər bəzi sferüllərin zamanla dərinlikdəki qatlardan qoparaq Mars səthinə çıxdığını düşünürlər.
Roverin üzərindəki "SuperCam" və "PIXL" cihazları bu qayaların kimyəvi tərkibini analiz edərək onların mənşəyini araşdırır.
Araşdırmanın aparıcı müəllifi Andrey Şumvey bu kürəvi formaların öyrənilməsinin Marsın geoloji tarixinin anlaşılması üçün mühüm əhəmiyyət daşıdığını bildirib
NASA-nın bu yeni kəşfi Marsın hələ də tam anlaşılmamış keçmişinə işıq salmaqla yanaşı, planetin geoloji və potensial olaraq bioloji təkamülünə dair yeni suallar doğurur.
"Perseverance" roveri və onu müşayiət edən elmi qrup, bu maraqlı strukturları daha ətraflı araşdırmaq üçün fəaliyyətlərini davam etdirir.
Şəbnəm Mehdizadə