Hava kirliliyi beyin qanaması riskini artıra bilər


  • 1 Avqust 12:54

ABŞ-ın Yuta ştatında aparılan yeni bir araşdırma hava kirliliyinin beyin qanaması riski ilə əlaqəli ola biləcəyini ortaya qoyub.

E-huquq.az xarici KİV-ə istinadən məlumatına görə, bu barədə araşdırma "npj Clean Air" jurnalında dərc olunub.

Alimlər, hava çirkliliyi ilə tanınan "Wasatch Front" bölgəsində son beş ildə beyin anevrizması səbəbilə xəstəxanaya yerləşdirilən 70 pasiyentin məlumatlarını araşdırıblar. Araşdırma nəticəsində, beyin qanaması hallarının, bölgədə hava çirkliliyinin ən yüksək səviyyədə olduğu dövrlərdən 3–6 ay sonra artdığı müəyyən edilib.

Ən təsirli çirkləndiricilərə ozon, azot dioksidi, kükürd dioksidi, karbon monoksit və 2,5 mikrometrdən (PM2.5) kiçik hissəciklər daxildir.

Alimlər bildirirlər ki, PM2.5 kimi incə toz hissəcikləri bədəndə iltihaba səbəb olur, hüceyrə zədələnməsini artırır və DNA bərpa mexanizmini zəiflədir. Bu da uzun müddətdə beyin damarlarının divarlarını zəiflədə, nəticədə qansızma riski ni artıra bilər.

Tədqiqatın müəllifi Dr. Rennert və komandası, araşdırmanın birbaşa səbəb-nəticə əlaqəsini sübut etmədiyini, lakin güclü bir əlaqəyə işarə etdiyini qeyd edir. Onların fikrincə, daha genişmiqyaslı və uzunmüddətli tədqiqatlara ehtiyac var.

Hazırda hava çirkliliyi qlobal sağlamlıq problemi olaraq qalır. Dünyada havanın çirklənməsi ilə bağlı ölənlərin sayı hər il 8 milyona yaxınlaşır. Tədqiqat vurğulayır ki, havanın çirklənməsi təkcə beyin qanaxmaları ilə deyil, həm də həddindən artıq istilərin ölümcüllüyünü artırmaq və COVID-19-un təsirlərini gücləndirmək kimi digər risklərlə də əlaqəlidir.

Tədqiqatın müəllifi Rennert, ümid edir ki, bu araşdırma havanın çirklənməsinin xalq sağlamlığı üçün təhlükəsini daha aydın göstərəcək və profilaktik tədbirlərə töhfə verəcək.

O bildirib ki, ictimai nəqliyyatdan istifadə təşviq edilməli, gündəlik çirklənmə kvotaları sərtləşdirilməli və ekoloji tədqiqatlara daha çox maliyyə ayrılmalıdır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər