Avropa yüksək temperatur və meşə yanğınları ilə mübarizəni davam etdirir - FOTO


  • 1 Avqust 15:45

Aralıq dənizi sahilində yerləşən ölkələr də daxil olmaqla, Avropanın bəzi bölgələrində hava temperaturunun yüksək səviyyədə qalması və meşə yanğınları riski davam edir. Bir çox ölkələr bu təhlükəyə qarşı mübarizəni gücləndirib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Portuqaliyada təxminən 2 min yanğınsöndürən aktiv şəkildə yanğınlarla mübarizə aparır. Ponte da Barca bölgəsindəki yanğın hələ də tam nəzarət altına alınmayıb və yüzlərlə sakin təhlükəsizlik məqsədilə təxliyə edilib. Ponte da Barca bələdiyyə başçısı Augusto Marinho Portuqaliya Dövlət Televiziyası RTP-yə verdiyi açıqlamada yanğın nəticəsində ən azı 19 nəfərin yaralandığını bildirib. O, vəziyyətin hələ də çox təhlükəli olduğunu vurğulayıb və mübarizənin davam etdiyini qeyd edib.

Portuqaliya Meteorologiya İnstitutu (IPMA) ölkə üzrə 6 avqusta qədər güclü isti dalğasının davam edəcəyini və temperaturun 36-44 dərəcə arasında dəyişəcəyini proqnozlaşdırır.

İspaniyanın Las Hurdes bölgəsində dünən gecə davam edən yanğınsöndürmə işləri sayəsində yanğın nəzarət altına alınıb. Lakin ölkənin müxtəlif yerlərində baş verən yanğınların yenidən alovlanmaması üçün əməliyyatlar davam etdirilir.

Bolqarıstanda isə son 24 saat ərzində 60 müxtəlif yerdə kiçik miqyaslı yanğınlar söndürülüb.

Aralıq dənizi sahili ölkələri və digər bölgələrdə meşə yanğınları riski gələcək günlərdə də davam edə bilər. Avropa Meşə Yanğınları Məlumat Sistemi (EFFIS) və Kopernik İqlim Dəyişikliyi Xidmətinin məlumatlarına görə, 2025-ci ilin əvvəlindən bəri Avropada 1339 yanğın qeydə alınıb. Bu rəqəm keçən ilin eyni dövrü ilə müqayisədə artıb (2024-cü ildə 900 yanğın).

Bu il ərzində Avropada təxminən 292 min hektar ərazi meşə yanğınları nəticəsində yanıb, ötən ilin eyni dövründə isə bu sahə 139 min hektar olub.

Yanğın Hava İndeksinin (FWI) 28 iyul-4 avqust tarixləri üçün hazırladığı yanğın riski xəritəsində bir sıra ölkələr "çox ifrat", "ekstremal", "çox yüksək" və "yüksək" risk səviyyələri ilə göstərilib.

Xəritəyə əsasən, İtaliyanın cənub bölgələri, Balkan ölkələri, Yunanıstan, Bolqarıstan, Rumıniya və Türkiyədə yanğın riski azalmağa doğru gedir, lakin bəzi yerlərdə "ifrat" və ya "çox ekstremal" risk səviyyəsi müşahidə edilə bilər.

Eyni zamanda, Finlandiyanın şərqi, Portuqaliya, İspaniya və Fransanın cənubunda yanğın riskinin artacağı gözlənilir.

Avropa ölkələri artıq yanğın təhlükəsi ilə bağlı ciddi xəbərdarlıqlar verib və vətəndaşları ehtiyatlı olmağa çağırır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər