- 09:35
İstanbulda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, İtaliyanın Baş naziri Corcia Meloni və Liviyanın Baş naziri Əbdülhəmid Dibeybə arasında üçtərəfli görüş keçirilir.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, görüşün əsas gündəmini dövlətlərarası əlaqələrin və əməkdaşlığın inkişaf etdirilməsi təşkil edir. Tərəflər arasında Aralıq dənizində enerji və neft sektorunda tərəfdaşlığın gücləndirilməsi, həmçinin qeyri-qanuni miqrasiya məsələlərinin müzakirə olunacağı gözlənilir.
Zirvə çərçivəsində Türkiyə ilə Liviya arasında 2019-cu ildə imzalanmış dəniz yurisdiksiyası ilə bağlı sazişin yenidən nəzərdən keçirilməsi də gündəmdədir. Bundan əlavə, Liviyanın təhlükəsizliyi, iqtisadi əməkdaşlıq və qarşılıqlı investisiyalar müzakirə ediləcək mövzular sırasındadır.
Tərəflərin həmçinin regional və qlobal inkişaflar, Suriyadakı son vəziyyət, Rusiya–Ukrayna müharibəsi və Türkiyənin Avropa İttifaqı ilə münasibətləri barədə də fikir mübadiləsi aparacağı bildirilir.
Ərdoğanın Zirvə zamanı İsrailin Qəzzadakı hərbi əməliyyatları və bölgədəki humanitar vəziyyəti gündəmə gətirəcəyi də gözlənilir.
Humay Eminqızı