- 14:07
Yəmənin cənub sahillərində qeyri-qanuni miqrantları daşıyan bir qayığın çevrilməsi nəticəsində həyatını itirənlərin sayı 55 nəfərə yüksəlib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, faciə zamanı ölənlərdən yalnız biri Yəmən vətəndaşı olub, digərləri isə əsasən Efiopiya mənşəli miqrantlardır.
Qəzaya uğrayan qayıqda 100-dən çox Efiopiyalının olduğu ehtimal edilir. Onlarla insan hələ də itkin düşmüş sayılır və axtarış-xilasetmə əməliyyatları davam etdirilir.
Hadisənin baş verdiyi ilk saatlarda ölənlərin sayının 20 nəfər olduğu bildirilsə də, sonradan aparılan axtarışlar nəticəsində bu rəqəm əhəmiyyətli dərəcədə artıb.
Qeyd edək ki, Yəmən uzun illərdir Afrika ölkələrindən, xüsusilə də Efiopiya və Somalidən gələn miqrantlar üçün əsas tranzit marşrutlarından biri hesab olunur. Cibuti üzərindən Yəmənə keçən miqrantlar buradan Səudiyyə Ərəbistanı və digər Körfəz ölkələrinə yönəlməyə çalışırlar.
Şəbnəm Mehdizadə