- 16:14
Yeni aparılan elmi araşdırmaya görə, xəstə bir insanı uzaqdan görmək belə beynimizi və immun sistemimizi xəbərdarlıq vəziyyətinə sala bilir.
E-huquq.az xarici mətbuata itsinadən xəbər verir ki, İsveçrənin Lozanna Universitetində aparılan tədqiqatda iştirakçılar virtual reallıq (VR) eynəkləri vasitəsilə xəstə görkəmli avatarları izlədikdə, bədənlərində xəstəlik riskinə qarşı fizioloji reaksiyalar müşahidə olunub.
Araşdırma zamanı iştirakçılar yüksək hərarət və səpgilərlə təsvir olunan virtual bir insanı gördükdə beyinlərində təhlükə siqnalları işə düşüb və immun sistemlərinin aktivləşdiyi müşahidə olunub. Maraqlıdır ki, həmin avatar sağlam və ya neytral göründükdə bu təsir qeydə alınmayıb.
Tədqiqatda doğuştan gələn lenfoid hüceyrələr (ILC) xüsusi diqqət mərkəzində olub. Normalda bu hüceyrələr yalnız orqanizm infeksiyaya birbaşa məruz qaldıqda aktivləşir. Lakin eksperiment göstərib ki, yalnız vizual kontakt, yəni xəstə görkəmli birini izləmək belə bu hüceyrələrin sayını artırır.
Aparılan analizlərdə məlum olub ki, beyində yaranan təhlükə siqnalları immun sistemindəki reaksiyanı izah edə biləcək əsas mexanizmdir. Tədqiqatın ən maraqlı nəticələrindən biri odur ki, virtual olaraq ən uzaqda yerləşən xəstə avatarlar beyin üzərində ən güclü təsir göstərib.
Bu reaksiyaların müşahidə edildiyi beyin sahələrinin qrip peyvəndi sonrası aktivləşən bölgələrlə üst-üstə düşməsi, beynin xəstəlik risklərinə qarşı erkən xəbərdarlıq sistemi kimi fəaliyyət göstərə biləcəyini ortaya qoyur.
Alimlər bildirirlər ki, bu nəticələr sinir sistemi ilə immunitet arasında fiziki təmas olmadan belə qarşılıqlı əlaqənin qurula biləcəyini göstərir. Psixoloji faktorlar, məsələn, “yoluxuculuq hissi” və “iyrənmə refleksi” ilə bu fizioloji reaksiyalar arasındakı əlaqə isə gələcək tədqiqatların mövzusu olacaq.
Tədqiqatın nəticələri nüfuzlu "Nature Neuroscience" jurnalında dərc edilib.
Şəbnəm Mehdizadə