Portuqaliya və İspaniya meşə yanğınlarına görə yüksək həyəcan vəziyyətindədir


  • 13:50

Yaz mövsümünün ikinci isti hava dalğasının yaşandığı Portuqaliya və İspaniyada meşə yanğınlarına qarşı yüksək səviyyədə xəbərdarlıq elan olunub.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Portuqaliyada hökumətin qərarı ilə ən yüksək təlaş səviyyəsi tətbiq edilib və ölkənin mərkəzi və şimal bölgələrində dörd yerdə geniş yanğınlarla mübarizə aparılır.

Portuqaliya Milli Fövqəladə Hallar və Mülki Müdafiə İdarəsinin (ANEPC) Milli Komandanlıq Əməliyyatları Mütəxəssisi Pedro Araujo bildirib ki, Vila Real, Celorico de Basto, Fafe və Arcos de Valdevez bölgələrində davam edən yanğınların bu gün nəzarət altına alınması gözlənilir.

Vila Real və Celorico de Basto bölgələrindəki iki böyük yanğınla mübarizədə 600-dən çox yanğınsöndürən və 216 texnika iştirak edir. Araujo əlavə edib ki, səhər saatlarından etibarən hava vasitələri də yanğınsöndürmə işlərinə dəstək verəcək.

Portuqaliyanın daxili işlər naziri Maria Lucia Amaral, həddindən artıq istilərə görə həftə ərzində meşəlik ərazilərə daxil olmaq, orada ocaq yandırmaq, meşələrdə və digər kənd yerlərində texnika ilə işləməyin qadağan ediləcəyini, atəşfəşanlıq və ya digər pirotexniki vasitələrdən istifadəyə icazə verilməyəcəyini açıqlayıb.

İspaniyada da oxşar vəziyyət hökm sürür. İspaniyada 6 muxtar bölgədə həddindən artıq isti hava səbəbindən meşə yanğınlarına qarşı tədbirlər gücləndirilib. Sivil Müdafiə və yerli idarələrdən verilən məlumata görə, ölkənin şimalındakı Qaliçya və cənubundakı Ekstremadura bölgələrində iki yerdə aktiv yanğın davam edir.

Qaliçyada keçən həftə 1350 hektar meşəlik sahə yanıb.

İspaniya Meteorologiya İnstitutu (AEMET) bildirib ki, ölkənin cənubundakı Badaxoz və Siudad Real şəhərlərində 3 avqustda temperatur 43 dərəcədən yüksək olub. İnstitutun açıqlamasında isti hava dalğasının ən azı gələn bazar gününə qədər davam edəcəyi bildirilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər