Pişiklərə işgəncə verən qlobal şəbəkə üzə çıxıb


  • 15:45

Böyük Britaniyada aparılan araşdırma nəticəsində internetdə pişiklərə işgəncə verildiyi və öldürüldüyü görüntüləri paylaşan qlobal bir şəbəkə ortaya çıxarılıb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, şifrəli mesajlaşma tətbiqləri üzərindən fəaliyyət göstərən bu şəbəkənin Böyük Britaniyada da aktiv üzvləri olduğu müəyyən edilib.

Araşdırmalara görə, heyvanlara qarşı şiddət dolu minlərlə görüntü bu şəbəkə vasitəsilə paylaşılır və pul qarşılığında satılır. Şəbəkənin dünya üzrə minlərlə üzvü olduğu ehtimal edilir.

BBC-nin əldə etdiyi mesajlar arasında bəzi Britaniyalı istifadəçilərin, ölkənin tanınmış heyvan müdafiə qurumu olan RSPCA-dan bala pişik sahiblənərək onlara işgəncə vermək məqsədilə planlar qurduğu üzə çıxıb.

Heyvan hüquqları müdafiəçisi olan "Feline Guardians" adlı qeyri-hökümət təşkilatının verdiyi məlumata görə, 2023-cü ilin may ayından 2024-cü ilin may ayınadək demək olar ki, hər 14 saatda bir yeni işgəncə videosu internetdə yayımlanıb. Təşkilat bu müddətdə 24 aktiv qrup müəyyən edib. Ən böyük qrupun min nəfərdən çox üzvü var.

Araşdırmalara görə, ən aktiv təqsirkar şəxslərdən biri 200-dən çox pişiyə işgəncə verərək öldürmə anlarını qeydə alıb.

BBC bəzi qruplarda uşaqların da işgəncəyə qoşulduğuna dair sübutlar əldə edib. Bir istifadəçi özünü "10 yaşım var və pişiklərə işgəncə verməyi sevirəm" sözləri ilə təqdim edib.

Hətta 2023-cü ilin sentyabr ayında "100 pişik öldürmə" adlı rəqabət xarakterli yarışma təşkil edildiyi, üzvlərin qısa müddətdə 100 pişiyi öldürmək üçün yarışdıqları müəyyən edilib.

Araşdırmalar göstərir ki, bu tip məzmunlar ilk dəfə 2023-cü ildə Çində yayılmağa başlayıb. Sonradan isə həm Çin, həm də Qərb sosial media platformalarında populyarlaşıb. Şəbəkəni idarə edən bəzi şəxslərin Yaponiya, İngiltərə və digər ölkələrdə yaşadığı müəyyən olunub.

Heyvan hüquqları müdafiəçiləri Çində və beynəlxalq miqyasda qanun boşluqlarının aradan qaldırılmasını və bu məzmunların istehsalı və yayımına qarşı sərt cəza tədbirləri tətbiq olunmasını tələb edirlər.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər