- 17:53
Nigeriyanın şimal-qərbində yerləşən Zamfara əyalətində silahlı dəstələrin təşkil etdiyi hücumlar nəticəsində 5 nəfər həlak olub, 50 nəfər isə qaçırılıb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, silahlı şəxslər Zamfara əyalətinə bağlı 16 fərqli bölgədə eyni anda hücumlar həyata keçiriblər.
Hücumlarda 5 mülki şəxs həyatını itirib, azı 50 nəfər silah gücü ilə naməlum istiqamətə aparılıb.
Nigeriya son illər ərzində silahlı qruplaşmaların, habelə "Boko Haram" və İŞİD-in Qərbi Afrika qolu ISWAP kimi terror qruplaşmalarının hücumları ilə üz-üzə qalır. Bu silahlı dəstələr əsasən kəndlərə, məktəblərə və yollarda hərəkət edən mülki şəxslərə hücum edərək fidyə məqsədilə adam qaçırırlar.
Ölkə qanunvericiliyinə əsasən, adam oğurluğuna görə ölüm cəzası nəzərdə tutulsa da, fidyə üçün adam qaçırma halları geniş yayılıb. Xüsusilə şimal bölgələrində yaşayan kənd əhalisi, silahlı dəstələrin əsas hədəfi sayılır.
Şəbnəm Mehdizadə