Almanların əksəriyyəti vətəni müdafiə etmək üçün silah istifadə etmək istəmir


  • 17:53

Almanların əksəriyyəti vətən müdafiəsi vəziyyətində silahla mübarizəyə hazır deyil.

E-huquq.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, "Forsa" araşdırma şirkətinin Almaniyanın "Redaktionsnetzwerk Deutschland" media orqanı üçün apardığı sorğuda respondentlərin yalnız 16 faizi hərbi hücum zamanı ölkəni silahla müdafiə etməyə “mütləq” hazır olduqlarını bildirib. 22 faiz isə bu müdafiəyə “yəqin ki” hazırdır.

Sorğuya qatılanların 59 faizi isə Almaniyanı silahla müdafiə etməyə “ehtimal ki” və ya “mütləq” hazır olmadığını ifadə edib. Bu rəqəm qadınlar arasında 72%, kişilər arasında isə 46% təşkil edib.

Respondentlərin 41 faizi Almaniya ordusunu NATO ölkələri arasında ən zəif təchiz olunmuş ordulardan biri hesab edir. Bununla yanaşı, 67% milli müdafiəyə investisiyaların 2032-ci ilə qədər ikiqat artırılmasını dəstəkləsə də, yalnız 30%-i bu artımı qəbuledilməz sayır.

Sorğuda iştirak edənlərin 60%-i növbəti illərdə hərbi xidmətə cəlb olunan könüllülərin sayı yetərli olmadıqda məcburi hərbi xidmətin tətbiqinə dəstək verir, 37%-i isə bunun əleyhinədir.

Xüsusilə, 18-29 yaş arasında gənclərin 61%-i məcburi hərbi xidmətin bərpasına qarşıdır.

2011-ci ildə Almaniyada məcburi hərbi xidmət dayandırılıb. Hazırda ölkədə 181 min əsgər var və hökumət 2031-ci ilə qədər bu rəqəmi 203 minə çatdırmağı planlaşdırır. Lakin ölkədə əhalinin qocalması və ixtisaslı işçi qüvvəsinin azalması səbəbindən bu hədəfə çatmaq çətin görünür.

Almaniyanın müdafiə naziri Boris Pistorius isə məcburi hərbi xidmətin dayandırılmasını “səhv” adlandırıb və onun tezliklə bərpa olunmayacağını qeyd edib. O, ölkənin əlavə 60 min əsgərə ehtiyacı olduğunu vurğulayıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər