- 23:16
Türkiyənin İzmir vilayətində dənizdə və quruda aparılan əməliyyatlar zamanı ümumilikdə 83 qeyri-qanuni miqrant saxlanılıb. İnsan alveri ilə məşğul olmaqda şübhəli bilinən 1 nəfər isə nəzarətə götürülüb.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Seferihisar sahillərində Sahil Mühafizəsinin pilotsuz hava vasitəsi tərəfindən dənizdə hərəkətdə olan rezin qayıqda bir qrup qeyri-qanuni miqrant aşkarlanıb. Əraziyə göndərilən sahil mühafizə kateri qayıqdan 5-i uşaq olmaqla 30 miqrantı saxlayıb.
Hadisə ilə bağlı araşdırma aparan jandarma əməkdaşları qeyri-qanuni miqrasiya təşkilatçısı olmaqda şübhəli bilinən 1 nəfəri saxlayıblar.
Digər əməliyyat Menderes sahillərində həyata keçirilib. Yenə pilotsuz hava vasitəsinin müşahidəsi ilə müəyyən edilən və sahil mühafizə qrupları tərəfindən rezin qayıqda 1-i uşaq olmaqla 19 qeyri-qanuni miqrant tutulub.
Çeşme sahillərində aparılan oxşar əməliyyat nəticəsində 2-si uşaq olmaqla daha 23 miqrant saxlanaraq sahilə çıxarılıb.
Bundan başqa, Sahil Mühafizəsinin Quru Dəstək Qrupu və polis əməkdaşları tərəfindən quru ərazidə aparılan nəzarət tədbirləri zamanı 2-si uşaq olmaqla daha 11 miqrant aşkar edilərək saxlanılıb.
Saxlanılan bütün qeyri-qanuni miqrantlar müvafiq sənədləşmə işlərindən sonra İzmir Miqrasiya İdarəsinə təhvil verilib.
Hadisələrlə bağlı araşdırmalar davam etdirilir.
Şəbnəm Mehdizadə