- 19:48
Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.
E-huquq.az TASS-a istinadən xəbər verir ki, söhbət İrəvanın təşəbbüsü ilə baş tutub.
Danışıqlar zamanı Paşinyan avqustun 8-də Vaşinqtonda ABŞ prezidenti Donald Tramp və Azərbaycan prezidenti İlham Əliyevlə görüşün nəticələri barədə ətraflı məlumat verib.
Rusiya prezidenti İrəvanla Bakı arasında davamlı sülhün təmin olunması üçün atılan addımların vacibliyini qeyd edib və Moskvanın bu prosesə kömək etməyə hazır olduğunu bildirib.
Putin Paşinyana ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Vitkoffla söhbətin nəticələri və ABŞ lideri Donald Trampla Alyaskada görüşə hazırlıq barədə danışıb.
Daha sonra Ermənistanın baş naziri Ukrayna böhranının sülh yolu ilə həllinə yönəlmiş addımları alqışlayıb.
Liderlər Avrasiya İqtisadi İttifaqı çərçivəsində ölkələr arasında ticarət və investisiya əməkdaşlığının və qarşılıqlı əlaqələrin inkişafı məsələlərini müzakirə ediblər.
Humay Eminqızı