İspaniya ilin ən dəhşətli meşə yanğınları ilə mübarizə aparır


  • 17:10

İspaniyanın şimalında yerləşən Kastiliya və Leon, Qalisiya və Navarra bölgələri ilin ən şiddətli meşə yanğınları ilə mübarizə aparır.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Şimali Leon, Ourense, Navarra və Avila bölgələrində baş verən və intensiv isti hava şəraiti ilə əlaqədar nəzarətdən çıxan meşə yanğınlarının söndürülməsi istiqamətində işlər davam edir. Nəticədə təxliyə edilmiş 1500-dən çox sakinin evlərinə qayıtmasına icazə verilib.

Hazırda ən ağır vəziyyətin Leon şəhəri ətrafında müşahidə olunduğu bildirilir. Burada beş fərqli nöqtədə yanğınlar davam edir. Bəzi kiçik yaşayış məntəqələrində təxminən 50 nəfərin hələ də evlərinə dönməsinə icazə verilmir. Eyni zamanda, bəzi yollarda nəqliyyatın hərəkəti hələ də tam bərpa olunmayıb.

1997-ci ildə UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş və hazırda alovların təsirinə məruz qalan Las Medulas Təbiət Parkının yaxınlığındakı yaşayış məntəqələrindən 850-dən çox insan təxliyə olunub. Rəsmilər park ərazisinin yanğından minimal dərəcədə zərər görməsi üçün xüsusi tədbirlərin görüldüyünü açıqlayıblar.

Qalisiya bölgəsinin Ourense şəhəri ətrafında davam edən yanğın təxminən 1000 hektar meşə sahəsinə zərər vurub. Alovların söndürülməsinə 200-dən çox canlı qüvvə, 12 helikopter və 11 təyyarə cəlb olunub.

Navarra bölgəsindəki Carcastillo meşəsində isə nəzarət altına alınmayan yanğının söndürülməsi istiqamətində işlərə 9 helikopter və 4 təyyarə cəlb edilib.

Qeyd edək ki, bu il ərzində İspaniyada meşə yanğınları nəticəsində ümumilikdə 36 min hektara yaxın meşə sahəsi məhv olub.

Humay Eminqızı

Oxşar xəbərlər