- 22:09
ABŞ və Meksika arasında tariflərlə bağlı danışıqlar davam etdiyi bir vaxtda Meksika tərəfdən yeni bir addım atılıb. Meksikanın milli poçt xidməti "Correos de Mexico" ABŞ Prezidenti Donald Tramp administrasiyasının tətbiq etdiyi yeni gömrük qaydaları səbəbilə bu ölkəyə poçt və kargo göndərişlərinin müvəqqəti olaraq dayandırıldığını açıqlayıb.
E-huquq.az xarici Kİv-ə istinadən məlumatına görə, rəsmi açıqlamada bildirilib ki, Meksika xidmətlərin normal şəkildə yenidən bərpa olunmasını təmin edəcək mexanizmləri müəyyən etmək üçün ABŞ rəsmiləri və beynəlxalq poçt təşkilatları ilə dialoqu davam etdirir.
ABŞ Prezidenti Donald Tramp tərəfindən 30 iyulda imzalanmış fərmana əsasən, 29 avqustdan etibarən dəyəri 800 ABŞ dollarından aşağı olan ixrac mallarına tətbiq edilən gömrük rüsumundan azadolma ləğv edilir. Lakin dəyəri 100 dollardan az olan məktub, sənəd və hədiyyəlik əşyalar gömrük rüsumundan azad edilməyə davam edəcək.
Meksika ilə yanaşı, Avstraliya və Hindistan kimi bəzi ölkələr də yeni qaydaların yaratdığı çətinlikləri əsas gətirərək ABŞ-a poçt göndərişlərinin böyük hissəsini müvəqqəti olaraq dayandıracaqlarını bəyan ediblər.
Yeni gömrük siyasətinin beynəlxalq ticarət və poçt xidmətləri sahəsində ciddi təsirlər doğuracağı gözlənilir. ABŞ-la ticarət əlaqələri olan bir çox ölkə yaranan vəziyyətə uyğun olaraq yeni tədbirlər görmək məcburiyyətində qalır.
Şəbnəm Mehdizadə