- 22:09
NASA-nın "OSIRIS-REx" missiyası çərçivəsində Yerə gətirilən "Bennu" asteroidinə aid nümunələr elm dünyasında böyük maraq doğurub. Son analizlər asteroidin tərkibində təkcə Günəş sisteminə deyil, digər ulduzlardan gələn və milyardlarla il yaşı olan toz hissəciklərinin də olduğunu üzə çıxarıb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Arizona Universitetindən tədqiqatçı Jessica Barnesın da müəlliflərindən biri olduğu üç yeni elmi məqalədə "Bennu"nun strukturunda Günəş sistemi yaranmamışdan əvvəl mövcud olmuş ulduz qalıqlarının olduğu sübut edilib.
Nümunələrdə aşkar edilən hissəciklərə aşağıdakılar daxildir:
Presolar (Günəşdən əvvəl yaranmış) tozlar
Ulduzlararası məkanda formalaşmış üzvi birləşmələr
Günəşə yaxın zonalarda yaranmış bərk maddələr
Uzaq regionlardan gələn qeyri-adi izotop tərkibli tozlar
Bu maddələrin mövcudluğu "Bennu"nun mənşəyinin, Günəş sistemi formalaşmazdan öncə müxtəlif kosmik mənbələrdən gələn hissəciklərin toplanması ilə formalaşmış böyük bir ana cisimlə əlaqəli olduğunu göstərir.
Araşdırmalar "Bennu"nun tərkibində qədim hidrotermal dəyişikliklərin izlərini də ortaya qoyub. Belə ki, asteroidin mənşəyini təşkil edən ana cismin tərkibində xarici Günəş sistemindən gələn buzlar mövcud olub. Zamanla bu buzlar istilik və toqquşmalar nəticəsində ərimiş, ortaya çıxan su minerallarla reaksiyaya girərək onların strukturunu dəyişib.
Təhlil edilən nümunələrdəki mineralların təxminən 80%-ində bu qədim su-qaya qarşılıqlı təsirinin izlərinə rast gəlinib.
Üçüncü araşdırmada isə "Bennu"nun səthinin mikrometeorit toqquşmaları və Günəş küləkləri nəticəsində olduqca sürətli şəkildə dəyişdiyi məlum olub. "Bennu" hissəciklərinin təxminən 20%-ində ərimə izləri qeydə alınıb.
Müqayisə üçün, "Ryugu" asteroidindən gətirilən nümunələrdə bu göstərici 2%, "Itokawa" asteroidində isə cəmi 0,5% olub.
Bu nəticələr karbon əsaslı asteroidlərin kosmik mühitdə çox daha sürətlə aşındığını göstərir.
Yerə düşən meteoritlərin əksəriyyəti atmosferdə yanır və ya Yer atmosferi ilə təmasda kimyəvi dəyişikliklərə məruz qalaraq ilkin quruluşunu itirir. Bu səbəbdən "OSIRIS-REx" kimi birbaşa nümunə gətirən missiyalar, Günəş sisteminin və ulduzlararası maddənin təkamülünü öyrənmək baxımından son dərəcə vacib hesab olunur.
Alimlər "Bennu"dan gətirilən nümunələrlə artıq əlimizdə Günəş sistemindən daha qədim ulduz tozuna dair birbaşa sübutların olduğunu vurğulayırlar.
Bu kəşf təkcə asteroidin deyil, bütün insanlığın kosmik mənşəyini anlamaq baxımından tarixi bir addım kimi qiymətləndirilir.
Şəbnəm Mehdizadə