ABŞ-da süni intellekt terapevtləri qadağan edilə bilər: Yeni tənzimləmələr gündəmdədir


  • 15:37

Son illərdə ABŞ-da süni intellekt əsaslı söhbət botları, münasib qiymətə və geniş əlçatanlığı ilə "terapiya" xidməti kimi yayılmağa başlayıb. Lakin bir sıra ştatlar, bu texnologiyanın ruh sağlamlığı xidmətlərində istifadəsini qadağan edən və ya ciddi şəkildə məhdudlaşdıran qanunlar qəbul etməyə başlayıb.

E-huquq.az-ın xarici mətbuata istinadən məlumatına görə, yaxın zamanda aparılan tədqiqatlar göstərib ki, bəzi süni intellekt botları istifadəçilərə intihar, zorakılıq və narkotik istifadəsi kimi təhlükəli istiqamətlərdə "məsləhətlər" verir.

Məsələn, bir çatbot işini itirdiyini və intihar fikirləri olduğunu bildirən istifadəçiyə Nyu Yorkdakı körpülərin hündürlükləri haqqında məlumat verib. Başqa bir sınaqda isə "metamfetamin asılısı" kimi davranan bir istifadəçiyə "kiçik dozada istifadə etməyi" tövsiyə edib.

Mütəxəssislər bu nümunələrin süni intellektin hələ insan terapevtlərin yerini tuta bilməyəcəyini aydın şəkildə göstərdiyini deyirlər.

San Fransisko Universitetinin psixiatrı Dr. Keith Sakata süni intellektlə təmasdan sonra "AI psixozu" adlandırılan hallar müşahidə etdiyini və 12 pasiyentin sanrılar, halüsinasiyalar və reallıqdan qopma simptomları yaşadığını bildirib.

ABŞ-da Illinois ştatı 1 avqustda qəbul etdiyi “Psixoloji Resursların Rifah və Nəzarəti Aktı” (Wellness and Oversight for Psychological Resources Act) çərçivəsində lisenziyalı terapevt olmayan şəxslər tərəfindən süni intellekt dəstəyi ilə terapiya xidmətlərinin təqdim olunmasını və reklam edilməsini qadağan edib.

Yeni qanuna görə, süni intellekt yalnız inzibati işlərdə, görüşlərin təyin edilməsi, hesabların idarə olunması və qeydiyyat kimi sahələrdə istifadə edilə bilər. Birbaşa pasiyentlə əlaqə və ya terapevtik qərarvermə prosesində süni intellektin istifadəsi qadağandır.

Illinois bu addımı atan üçüncü ştat olub. Daha əvvəl Nevada və Yuta oxşar qanunlar qəbul etmişdi. Kaliforniya, Pensilvaniya və Nyu-Cersi isə bənzər qanun layihələri üzərində işləyir. Texas Baş Prokuroru isə bəzi platformalara qarşı "yanıldıcı reklam" ittihamı ilə araşdırmalara başlayıb.

Psixoloji və hüquqi ekspertlər, süni intellekt terapevtlərində aşağıdakı üç əsas riski vurğulayırlar:

1. Məxfiliyin və məlumat təhlükəsizliyinin qorunmaması
2. Xidmətin keyfiyyətsiz və qeyri-standart olması
3. Aldadıcı reklam və hüquqi məsuliyyət boşluğu

Amerika Psixologiya Assosiasiyası bu məsələ ilə bağlı Federal Ticarət Komissiyasına (FTC) müraciət edərək, süni intellekt şirkətlərinin özlərini lisenziyalı terapevt kimi təqdim etməsini "aldadıcı praktikalar" kimi qiymətləndirib.

Bəzi akademiklər isə süni intellektin tamamilə qadağan edilməsinə qarşı çıxır. Onların fikrincə, bu texnologiyaların effektiv və təhlükəsiz şəkildə istifadəsi üçün standartlar və nəzarət mexanizmləri yaradılmalıdır.

Tədqiqatlar göstərir ki, klinik mütəxəssislər tərəfindən dizayn olunmuş çatbotlar zərərli vərdişlərin dəyişdirilməsi və siqareti tərgitmə kimi sahələrdə müəyyən faydalar təmin edə bilər.

Lakin ekspertlər xəbərdarlıq edir ki, bu alətlər heç bir halda insan terapevtlərin yerini tutmamalı, xüsusilə də uşaqlar və həssas qruplar bu texnologiyalardan nəzarətsiz şəkildə istifadə etməməlidirlər.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər